Dini ekstremizmə qarşı mübarizə haqqında yeni qanun layihəsi müzakirə olunub

Dini ekstremizmə qarşı mübarizə haqqında yeni qanun layihəsi müzakirə olunub
16:23 2 Dekabr 2015
58 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
Dekabrın 2-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu, ictimai birliklər və dini qurumlar komitələrinin birgə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsi, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Polis haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri, Cinayət, İnzibati Xətalar Məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə olunub.
Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov gündəlikdə duran məsələlər haqqında məlumat verib, bir yeni qanun layihəsinin və beş qanun layihəsinə əlavə və dəyişikliklərin müzakirə olunacağını qeyd edib. O, Milli Məclisə paket şəklində daxil olan qanun layihələrinin günün tələblərini əks etdirdiyini söyləyib.
Komitə sədri bildirib ki, dünyada, regionda və ölkəmizdə baş verən hadisələr “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsinin qəbul olunmasına və digər bir neçə qanun layihələrinə əlavə və dəyişikliklər edilməsinə zərurət olduğunu göstərir. Qeyd edilib ki, qanun layihələri xaricdən ixrac olunan hərəkətlərin qarşısını almaq üçün də vacibdir. S.Novruzov bəzi xarici qüvvələrin öz ideyalarını Azərbaycanda din pərdəsi altında həyata keçirmək istədiklərini bildirib. Sözügedən qanunların belə hallarla mübarizə aparmaq üçün önəmli olduğunu vurğulayıb. Kimliyindən və harada yaşamasından asılı olmayaraq hər kəsin qanun qarşısında eyni olduğunu söyləyən komitə sədri qeyd edib ki, dini ekstremizmlə məşğul olanlar ciddi cəzalandırılmalıdır. O, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdiyini və heç bir qüvvənin ölkəmizin inkişafına mane ola bilməyəcəyini deyib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli müzakirəyə təqdim olunmuş qanun layihələrinin əhəmiyyətindən danışıb. O, ictimaiyyətdə dini ekstremistlərlə bağlı böyük narahatlıq yarandığını, insanların parlamentə çoxsaylı müraciət etdiklərini, ölkəmizin təhlükəsizliyi baxımından müzakirə edilən qanun layihələrinin önəmli olduğunu vurğulayıb.
Sonra gündəlikdəki qanun layihələri haqqında məlumat verilib.
Deputatlar qanun layihələri haqqında fikirlərini səsləndirib, təkliflər veriblər. Bildirilib ki, qanun layihələri reallığı əks etdirir, aidiyyatı orqanların dini ekstremistlərə qarşı mübarizədə səlahiyyətlərini daha da artırır. Bu layihələr ölkəmizin inkişafına mane olmaq istəyən qüvvələrin qarşısının alınması baxımından vacibdir.
Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dini_ekstremizme_qarsi_mubarize_haqqinda_yeni_qanun_layihesi_muzakire_olunub-907569

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR