11-ci start, 43-cü oyun

Bu gün Azərbaycan kubokunda 2015/2016 mövsümünün 1/8 final mərhələsinin oyunlarına start verilir.

Yarışa bu mərhələdən başlayacaq “Qəbələ” sabah meydana çıxacaq. “Qırmızı-qaralar” 1/4 finala vəsiqə uğrunda matçda “Mil-Muğan”la qarşılaşacaq. Qəbələdə baş tutacaq oyun ev sahiblərinin İmişli təmsilçisi ilə 2-ci duelidir. I divizionda çıxış edən rəqiblə ilk görüş 2 il əvvələ, indiki kimi kubokun 1/8 final mərhələsinə təsadüf edib. 2013-cü il dekabrın 4-də keçirilən matçda nominal meydan sahibi “Mil-Muğan” olsa da, qarşılıqlı razılaşmaya görə oyun Qəbələdə baş tutmuşdu. Abdulvahid Afolabi və Leonardo da Silvanın penalti zərbəsi ilə 2:1 hesablı qələbə qazanan “Qəbələ” tarixinin ilk finalına doğru addımını atmışdı. Ümumiyyətlə isə İmişli təmsilçisi "Qəbələ"nin kubokdakı 14 rəqibindən biridir. Bu yarışda “qırmızı-qaralar” daha çox “Bakı” “Qarabağ”la qarşılaşıb – hərəsi ilə 6 dəfə.

Azərbaycan kubokunda 2005/2006 mövsümündə debüt edən “Qəbələ” 11-ci dəfə bu yarışa qatılacaq. Əvvəlki 10 cəhddən birində finaladək irəliləyən (2013/2014) komanda 2 dəfə yarımfinal (2007/2008, 2008/2009), 4 dəfə 1/4 finalda (2010/2011, 2011/2012, 2012/2013, 2014/2015) mübarizəni dayandırıb. 2005/2006, 2006/2007 və 2009/2010 mövsümlərində isə 1/8 finalı adlamaq mümkün olmayıb.

“Qəbələ” ölkə kubokunda indiyədək 42 oyun keçirib. 19 qələbəsi olan "qırmızı-qaralar" yubiley – 20-ci uğurunun astanasındadır. 14 heç-heçə və 9 məğlubiyyəti də olan “Qəbələ” 58 qol vurub, 35-ni buraxıb. Bu qarşılaşmalarda “Qəbələ”nin heyətində 143 futbolçu meydana çıxıb. Region təmsilçisinin rekordçusu Samir Zərgərovun hesabında 15 oyun var. Dodo, Viktor Mendi, Azər Həşimov hərəyə 13, Turnike Aptsiauri 12 kubok matçında forma geyinib. Əli İsmayılov 11, Rəhman Əzizovla Elnar Kərimovun hərəyə 8 belə oyunu var.

Xatırladaq ki, 1/8 final mərhələsinin “Qəbələ” – “Mil-Muğan” oyunu dekabrın 3-də keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşma saat 17:00-da start götürəcək.


Azərbaycan kuboku
1/8 final
3 dekabr
17:00. “Qəbələ" – "Mil-Muğan”

Hakimlər: Orxan Məmmədov, Kamran Bayramov, Coşqun Həsənov, Rəşad Əhmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR