Azərbaycanda dini mərasimlərin təşkili tənzimlənəcək

16:48 2 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycanda dini mərasimlərin təşkili tənzimlənəcək.
Bu barədə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə ictimai birliklər və dini qurumlar komitəsinin “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsinin müzakirəsi zamanı məlumat verilib.
İclasda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib ki, bu gün Azərbaycanda 2166 məscid var. İndiyədək 3 minə yaxın Azərbaycan gənci xaricdə dini təhsil alıb və ya hazırda təhsilini davam etdirir. Azərbaycana qayıdandan sonra xaricdə dini təhsil almış gənclər o ölkələrə xas adət-ənənələri də təbliğ etməyə başlayırlar. Bu da cəmiyyətimizdə ciddi fikir ayrılığı yaradır. Yəni, tək aldıqları dini təhsili yox, həm də həmin xarici ölkələrin adətlərini də təbliğ edirlər. Bu da qanundakı boşluqdan irəli gəlir. Buna baxmayaraq, xaricdə təhsil almaq azaddır.
Komitə sədrinin müavini qeyd edib ki, məhz qanundakı boşluqlar nəticəsində müxtəlif dini mərasimlər, küçə tamaşaları göstərilir. Məsələn, Aşura mərasimi Azərbaycanda İslamın ümumi prinsipləri ilə keçirilir. Buna baxmayaraq, qanundakı boşluqlarla əlaqədar bu dini mərasim zamanı küçələrdə yürüşlər və dini tamaşalar göstərilir. Buna yol verilməməlidir. Eyni zamanda, Aşura keçirilən yerlərə müxtəlif rəngli, qara və qırmızı rəngli bayraqlar gətirilir. Dini mərasimlərin keçirilməsi azad olsa da, bu mərasimlərdə müxtəlif siyasi çalarlar olan atributlar olmamalıdır.
Gündüz İsmayılov Dövlət Komitəsinin təklifini də açıqlayıb: “Təklif edirik ki, ibadətgahlardan kənar, ictimai yerlərdə dini şüarların və digər dini atributların nümayiş etdirilməsi qadağan edilirsə, din xadimləri burada istisna təşkil etsin”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_dini_merasimlerin_teskili_tenzimlenecek-907585

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR