Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Dağlıq Qarabağdan qayıdan fermer Moskvada dindirildi

Dağlıq Qarabağdan qayıdan fermer Moskvada dindirildi

Date: 2 December 2015 17:16

Dağlıq Qarabağa qeyri-qanuni səfər etmiş iş adamı German Sterliqov Rusiya İstintaq Komitəsində dindirilib.

ANS PRESS-in məlumatına görə, Sterliqov ifadə verdikdən sonra bildirib ki, müstəntiqlər ona, Azərbaycanın ona qarşı sürdüyü ittihamlar və Bakıya ekstradisiyası barədə suallar veriblər:

"Məni iki müstəntiq dindirdi. Onlar mənə dedilər ki, Rusiya öz vətəndaşlarını ekstradisiya etmir və mənim Azərbaycana təhvil verilməyim barədə söhbət gedə bilməz", - deyə o vurğulayıb.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyindən ANS PRESS-ə bildirdilər ki, nazirlik Sterliqovun ekstradisiya edilməyəcəyi ilə bağlı dediyi, yaxud biznesmenin səsləndirdiyi fikirləri şərh etmək istəmir:
“Ancaq onu deyə bilərik ki, bizim mövqeyimiz Baş Prokurorluğun mövqeyi ilə eynidir və məsələyə bundan sonra da lazımı hüquqi qiymətin verilməsinə çalışırıq”.

Rusiyalı fermer German Sterliqov iyul ayının 4-də ailəsi ilə birlikdə Rusiyadan Qarabağa köçüb.

Qarabağda olan Sterliqov həyat yoldaşı və 5 övladı ilə birlikdə təsərrüfat işləri ilə məşğul olmağa başlayıb. İş adamının həyat yoldaşı Alyona Sterliqova isə Azərbaycanın Şuşa şəhərində model evi açmaq qərarına gəlib.


German Sterliqov Dağlıq Qarabağda


German Sterliqov Dağlıq Qarabağda mətbuat konfransı keçirir


Alyona Sterliqovanın model evi

Sahibkar Dağlıq Qarabağa gedərkən öz köməkçisinə Slobodadakı fermasındakı mal-qarasını, atlarını, avtoparkını satmağı tapışırıb. "O, iyulun 4-də Dağlıq Qarabağa gedib. Nə vaxt qayıdacağı bilinmir, amma o, mütləq qayıdacaq. Onun getmək üçün ciddi səbəbləri var idi. Bu, cinayətkarlar deyil, daha yüksək təbəqədir", - deyə köməkçisi Polina Sirota rus mətbuatına bildirib.


Sterliqovun sosial şəbəkədəki statusu

İyul ayının 28-də Azərbaycan Baş Prokurorluğu iş adamı ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində “Qerman Sterliqov Şirkətlər Qrupu”nun Direktorlar Şurasının rəhbəri Q.Sterliqov və digərlərinin Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz keçərək Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə gəlmələri və dövlət əleyhinə yönələn açıq çağırışlar etmə əməlləri üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanaraq istintaq tədbirləri davam etdirilir.


German Sterliqov- Qarabağa qeyri-qanuni səfər etmiş milyarder


İttiham üçün əsas verən kifayət qədər sübutlar toplanıldığından 28 iyul 2015-ci il tarixdə Q. Sterliqov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 və 318.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.

Hazırda onun tutulub istintaqa cəlb edilməsi üçün “İnterpol”un Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Milli Mərkəzi Bürosu tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Tags:  Dağlıq Qarabağdan qayıdan fermer Moskvada dindirildi


RƏYLƏR


Top news