Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq daim inkişaf edir

17:18 2 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
Dekabrın 2-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Gürcüstanın nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Qonaqlar, həmçinin Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə qonaqları salamlayan general-polkovnik Z.Həsənov ölkələrimizin hərbi əməkdaşlığının ikitərəfli və NATO vasitəsilə həyata keçirilən proqramlar və treninqlər çərçivəsində, eləcə də Azərbaycan-Türkiyə-Gürcüstan hərbi qurumları formatında aparıldığını xüsusi qeyd edib.
Müdafiə naziri dövlətlərimiz arasında strateji tərəfdaşlığın daim inkişaf etdiyini, onun dostluq münasibətləri üzərində qurulduğunu və dərin tarixi köklərə malik olduğunu xatırladaraq Ermənistanın regional sabitliyə əsas təhlükə yaratdığını, dövlət səviyyəsində daim separatizmi dəstəklədiyini və cəbhəboyu zonada gərginliyi artırmaq cəhdlərini diqqətə çatdırıb.
Sonra Azərbaycan ilə Gürcüstan Müdafiə nazirlikləri arasında əlaqələrin müəyyən edilmiş istiqamətlər üzrə genişləndirilməsi, hərbi, hərbi təhsil sahələrində əməkdaşlıq imkanları, Silahlı Qüvvələrin müxtəlif bölmələrinin iştirakı ilə birgə hərbi təlimlərin keçirilməsinin perspektivləri, qarşılıqlı işçi görüşlərin təşkili, o cümlədən maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Səfər dekabrın 3-dək davam edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ile_Gurcustan_arasinda_strateji_terefdasliq_daim_inkisaf_edir-907600

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR