Səfir: Azərbaycanı Avropada daha geniş reklam etmək lazımdır

Səfir: Azərbaycanı Avropada daha geniş reklam etmək lazımdır
18:13 2 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Anaxanım Hidayətova - Trend:

İqtisadiyyatının 80 faizi qaz idxalından asılı olan Avstriya Azərbaycanın "Cənub Qaz Dəhlizi" layihəsinin Avropaya enerji tədarükü mənbələrinin şaxələndirilməsində əsas yer tutduğunu bəyan edib. Bunu Trend-ə Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex deyib.

Onun sözlərinə görə, Azərbaycan enerji qovşağına çevrilmək niyyətindədir: "Həmin qovşaq vasitəsilə təkcə Azərbaycanın deyil, Türkmənistan və İranın da enerji resursları keçəcək".

Hərçənd diplomat fikirləşir ki, əsl tranzit ölkəsinə çevrilmək üçün Azərbaycanda böyük avtomobil və dəmiryolları salmaq lazımdır.

Səfir Avstriya tərəfinin Azərbaycanda biznesini genişləndirməkdə maraqlı olduğunu vurğulayıb: "Azərbaycanda tikinti, kənd təsərrüfatı, təhsil və xidmətlər sahələrində Avstriya biznesi üçün çoxlu imkanlar mövcuddur".

A.Vexin sözlərinə görə, iki ölkənin indiki münasibətləri, əsasən, energetika sahəsinə yönəlib, lakin ölkələrin qeyri-neft sektorunda əməkdaşlıq üçün xeyli imkanları var: "Avstriyanın tikinti sahəsində geniş təcrübəsi var. Avstriya şirkətləri Bakıda Xalça Muzeyinin yeni binasının, "Şahdağ" və "Qusar" dağ-xizək turizm komplekslərinin tikintisinə, İçərişəhərdə bəzi layihələrə cəlb edilib və biz bu istiqamətdə Azərbaycanla əməkdaşlığı davam etdirmək istərdik".

O, diqqətə çatdırıb ki, kiçik və orta biznesin genişləndirilməsi Azərbaycan iqtisadiyyatına mənfəət gətirə bilər: "Biz daha kiçik şirkətlərlə işləmək istərdik, çünki onlar daha çevik və operativdirlər".

Diplomat deyib ki, Avstriya-Azərbaycan münasibətləri mədəniyyət, turizm və təhsil sahələrində də inkişaf edir: "Biz personalın ixtisasını yüksəltmək üçün Azərbaycanın turizm sahəsində Avstriya təhsil sistemini tətbiq etməyi planlaşdırırıq".

A.Vex əlavə edib ki, Azərbaycanı Avropada daha geniş reklam etmək lazımdır: "Reklamın artması, viza rejiminin sadələşdirilməsi və xidmət səviyyəsinin artırılması ölkədə turizimin inkişafına kömək edə bilər".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2464198.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR