İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına salınmasının 15 illiyi münasibətilə konfrans keçirilib

İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına salınmasının 15 illiyi münasibətilə konfrans keçirilib
19:38 2 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
Dekabrın 2-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində İçərişəhərin Şirvanşahlar Sarayı Kompleksi və Qız qalası ilə birgə UNESCO-nun Dünya İrs Siyahısına salınmasının 15 illiyinə həsr olunan “Dünya irsi: İçərişəhər - qədim şəhərin müasir tarixi” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Bildirilib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir sıra beynəlxalq və regional təşkilatlarla, o cümlədən UNESCO ilə əməkdaşlıq edir. Ölkəmiz bu beynəlxalq təşkilatla birlikdə bir sıra layihələr həyata keçirib.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə 1977-ci ildə Tarix-Memarlıq Qoruğu statusu almış İçərişəhər 2000-ci ilin dekabrında Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi ilə birlikdə UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilib və 15 ildir bu siyahıda layiqli yerini qoruyub saxlamaqdadır. İçərişəhər Azərbaycanın UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən ilk tarixi məkanıdır. 2003-cü ildə İçərişəhər Təhlükə altında olan obyektlər sırasına daxil edilib.
Vurğulanıb ki, 2005-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yaradılıb. S.Nuriyev ötən müddətdə Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın daimi diqqət və qayğısı altında İçərişəhərin unikal memarlıq-şəhərsalma kompleksi kimi mövqeyinin möhkəmlənməsi, mühafizəsi, bərpası, burada konservasiya və restavrasiya işlərinin aparılması, tarix-memarlıq abidələrinin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsi, dünyada tanıdılması və beynəlxalq səviyyədə təbliği sahəsində görülmüş işləri xüsusi qeyd edib. İçərişəhər ərazisində bir sıra zəruri bərpa layihələrinin başlanmasını və abidələrin dağıdılmasının qarşısının alınmasını nəzərə alaraq 2009-cu ildə İçərişəhər UNESCO-nun Təhlükə altında olan obyektlər siyahısından çıxarılıb.
Təhsil naziri Mikayıl Cabbarov ölkəmizin artıq 23 ildir ki, UNESCO-nun tamhüquqlu üzvü olduğunu, bu əməkdaşlığın abidələrin və tarixi yerlərin mühafizəsi, onların bərpası və tədqiqi sahəsində zəngin dünya təcrübəsinin öyrənilməsi üçün ölkəmizə, o cümlədən İçərişəhərə geniş imkanlar açdığını bildirib. İçərişəhərin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınmasının bütün dünyada ümumbəşəri bir dəyər kimi qəbul edilməsinin və yüksək qiymətləndirilməsinin əyani göstəricisi olduğunu söyləyən M.Cabbarov, son illər ərzində İçərişəhərin ərazisində yüksək peşəkarlıqla və gözəl memarlıq üslubunda həyata keçirilmiş təmir-bərpa, abadlıq, konservasiya və restavrasiya layihələrindən bəhs edib.
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov idarəyə rəhbərlik etdiyi 2006-2008-ci illərdə həyata keçirilən işlər barədə məlumat verib. Bildirilib ki, idarə yeni yarananda dünyanın məşhur memarları cəlb edilməklə İçərişəhərdə bərpa və konservasiya işləri başlanıb. Bundan sonra İçərişəhər Təhlükə altında olan obyektlər siyahısından çıxarılıb.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, akademik Ziyad Səmədzadə, Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov əlamətdar gün münasibətilə kollektivi təbrik ediblər. Qeyd edilib ki, İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına salınması ölkəmizi dünyada tanıtdıran mühüm hadisədir.
Tədbirdə “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bir qrup əməkdaşına Azərbaycan Memarlar İttifaqının fəxri fərmanları təqdim edilib.
Sonda İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına salınmasının 15 illiyinə həsr olunan film nümayiş etdirilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Icheriseherin_UNESCO_nun_Dunya_Irs_Siyahisina_salinmasinin_15_illiyi_munasibetile_konfrans_kechirilib-907669

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR