Lahıc misgərlik sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildi

Lahıc misgərlik sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildi
19:42 2 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Lahıc misgərlik sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, cari ilin 30 noyabr - 4 dekabr tarixində Namibiyanın paytaxtı Vindhuk şəhərində YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası keçirilir. Sessiya çərçivəsində ölkələr tərəfindən Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilməsi üçün təqdim olunan nominasiyalara dekabrın 1-də baxılmasına başlanıb.

Azərbaycan tərəfindən "Lahıc misgərlik sənəti" nominasiyası təqdim olunub. Komitənin iclasında bununla bağlı müzakirələrdə qeyd olunub ki, bu nominasiya faylı Qeyri-maddi mədəni irsin qorunmasına dair Konvensiyanın bütün kriteriyalarına cavab verməklə yanaşı, nümunəvi bir namizədlik faylı kimi gələcəkdə digər ölkələrin öz fayllarını hazırladıqları zaman bundan istifadə edə bilərlər.

"Lahıc misgərlik sənəti" faylı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə, Mədəniyyət və Turizm Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin və bu sahədə ekspertlərin birgə əməkdaşlığı ilə hazırlanaraq YUNESKO-ya təqdim edilib.

İclasda Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə çıxış edərək Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitə üzvlərinə və YUNESKO-nun Qiymətləndirmə Orqanının üzvlərinə təşəkkürünü bildirib və qeyd edib ki, Lahıc misgərlik sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi Azərbaycan xalqının keçmiş dövrlərdən bəri ifadə etdiyi mədəni dəyərlərinə verilən qiymətlə yanaşı, bu sənətin qorunması və gələcək nəsillərə çatdırılması, eyni zamanda Lahıcda yaşayan əhalinin sosial-iqtisadi rifahının artmasına töhfə verəcək.

Qeyd edək ki, hazırda Lahıc misgərlik sənətindən başqa Azərbaycanın muğam ifaçılığı, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısında, həmçinin çövkən - ənənəvi Qarabağ atüstü oyunu YUNESKO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/387116.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR