Yararsız ət məhsullarının satışı və ya daşınması ilə bağlı hər bir fakt birbaşa istintaq orqanlarına göndəriləcək

Yararsız ət məhsullarının satışı və ya daşınması ilə bağlı hər bir fakt birbaşa istintaq orqanlarına göndəriləcək
20:13 2 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, Ceyhun Rüstəmov, AZƏRTAC
Respublika ərazisində mənşəyi məlum olmayan, qida üçün yararlılığı şübhə doğuran ət məhsullarının satışı və ya daşınması ilə əlaqədar aşkarlanan hər bir fakt birbaşa istintaq orqanlarına göndəriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 2-də kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə müsahibəsində deyib.
Bərdədə mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran 25 ton heyvan cəmdəyinin aşkarlanması faktına münasibət bildirən nazir qeyd edib ki, bu sahədə nəzarət tədbirləri daha da gücləndiriləcək: “Bizdə olan məlumata görə, belə hallar təkcə Bərdədə deyil. Bu cür halların aradan qaldırılması ilə bağlı məsuliyyət yerli icra hakimiyyəti orqanlarının səlahiyyətli nümayəndələri ilə yanaşı, baytarların da üzərində düşür. Onlara tapşırılıb ki, dislokasiyanı tez-tez yoxlasınlar və bu barədə nazirliyə məlumat verilsin. Həmçinin xəbərdarlıq edilib ki, əgər hər hansı bir rayonda belə hal olarsa, həmin rayon baytarlıq idarəsinin rəisi vəzifəsindən azad ediləcək. Çünki bu, birbaşa onun vəzifəsidir”.
Bərdədə ötən il də anoloji hadisənin baş verdiyini xatırladan Heydər Əsədov rayonun baytarlıq idarəsinin rəisinin məhz bu fakta görə vəzifəsindən azad olunduğunu diqqətə çatdıraraq deyib: “Həmin vəzifə kadr problemi səbəbindən hələ də boşdur. Bu hadisənin yenidən təkrarlanması bizi daha ciddi tədbirlər görməyə vadar edir. Qərara almışıq ki, faktın araşdırılması üçün materiallar Respublika Baş Prokurorluğuna göndərilsin.
Nazir bildirib ki, yararsız ət məhsullarının kütləvi şəkildə daşınması, müxtəlif sexlərə verilməsi daim izlənilməlidir. “Yararsız ət məhsullarının qoxusu, rəngi onu birbaşa satışa çıxarmağa imkan vermir. Belə məhsulların sexlərə ötürülməsinin qarşısını almaq məqsədilə nazirlikdə struktur dəyişikliyi olunub və keyfiyyətə nəzarət bölməsi yaradılıb. Bu məsələ həmin bölmənin əməkdaşları tərəfindən daim izlənilməli, ekspedisiya keçirilməli, rayonlarda səyyar yoxlamalar aparılmalıdır ki, belə halların qarşısı alınsın”, - deyə kənd təsərrüfatı naziri vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yararsiz_et_mehsullarinin_satisi_ve_ya_dasinmasi_ile_bagli_her_bir_fakt_birbasa_istintaq_orqanlarina_gonderilecek-907689

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR