“Motivlər 2” şərti adlı kinoalmanaxın istehsalı yekunlaşıb

“Motivlər 2” şərti adlı kinoalmanaxın istehsalı yekunlaşıb
20:18 2 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Motivlər 2” şərti adlı kinoalmanaxın istehsalı yekunlaşıb.
Kinostudiyadan AZƏRTAC-a bildirilib ki, yeni kinoalmanax 2016-cı ilin əvvəllərində tamaşaçılara təqdim olunacaq. Kinoalmanax Amil Məmiyevin “Qara bağ”, Emin Əfəndiyevin “Hədiyyə”, Emin Mirabdullayevin “Postskriptum” və Zamin Məmmədovun “Onun atası” qısametrajlı bədii filmlərindən ibarətdir.
Dram janrında lentə alınan “Qara bağ” filminin çəkilişləri Bakı şəhərində və Hacıqabul rayonunun Qızılburun qəsəbəsi yaxınlığındakı qaçqın şəhərciyində aparılıb. “Azərbaycanfilm” kinostudiyasının elan etdiyi “yenifilm.az” gənclər üçün ssenari müsabiqəsinin qalibi olan Amil Məmiyevin eyniadlı ssenarisi əsasında çəkilən ekran əsərinin quruluşçu rejissoru Amil Məmiyev, quruluşu operatoru Əziz Məmmədov, bədii rəhbəri Cəmil Quliyev, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Vidadi Əliyev, Elxan Abbasov, Rasim Cəfər, Ayşad Məmmədov, Məzahir Həşimov və digərləri canlandırıblar.
Rejissor filmin “Qara bağ” adlandırılmasının heç də təsadüfi olmadığını deyir. “Qara bağ” dilək ağacına bağlanan qara düyünlər mənasındadır və Azərbaycanın əbədi-əzəli torpağı olan Qarabağla bağlı hadisələr onun vasitəsilə filmin ümumi kontekstinə köçürülür. Film məcburi köçkünlərin hazırki yaşayış tərzini, Qarabağ həsrətini bir sıra metaforik simvollarla realizə edir.
Melodram janrında çəkilən “Hədiyyə” filminin ssenari müəllifi Yusif Şeyxov, quruluşçu rejissoru Emin Əfəndiyev, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Film yeni ailə həyatı qurmuş iki gəncin sevgisindən bəhs edir. Bu iki gənc özlərini cəmiyyətdə hələ də tapmayıblar. Buna baxmayaraq onlar sevgiləri uğrunda öz həyatlarını belə qurban verməyə hazırdırlar.
Ekran əsərində baş rolları Əməkdar Artist Şamil Süleymanlı, İlahə Həsənova və Qorqud Cəfərli canlandırıblar.
“Nobel qardaşları” kompaniyasının Bakıdakı fəaliyyətindən bəhs edən “Postskriptum” bədii filminin ssenari müəllifləri Ramiz Fətəliyev və Emin Mirabdullayev, quruluşçu rejissoru Emin Mirabdullayev, quruluşçu operatoru Əli Sultan, quruluşu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə aktyor Azər Aydəmir baş rolu - Robert Nobeli oynayıb. Ekran əsərində əməkdar artistlər Ayşad Məmmədov, Eldar Bağırbəyov və digərləri rol alıb.
Film Nobellərin kiçik qardaşı Robertin Bakıya ilk səyahəti, Bakı nefti ilə tanışlığı və onların şəhərdə bundan sonrakı fəaliyyətini özündə əks etdirir.
Psixoloji dram janrında lentə alınan “Onun atası” filminin ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultan, quruluşu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə keçən əsrin 90-cı illərində müharibənin cəmiyyətə vurduğu fəsadlardan bəhs edilir. Sadə ailə başçısı olan jurnalist Qarabağ müharibəsində itkin düşür. Paralel olaraq jurnalistin axtarışları zamanı onun ailəsinin və yaxınlarının keçirdiyi həyəcan və müharibənin cəmiyyətə mənfi təsiri təsvir edilir.
Yeni ekran əsərində baş rolları Xalq Artisti Məbud Məhərrəmov, Əməkdar Artist Şamil Süleymanlı, aktrisa Ülviyyə Rza və digərləri canlandırıblar.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Motivler_2_serti_adli_kinoalmanaxin_istehsali_yekunlasib-907690

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR