Səfir Fuad İsgəndərov: İkili standartlar Avropanın özünün də maraqlarına uyğun deyil

Səfir Fuad İsgəndərov: İkili standartlar Avropanın özünün də maraqlarına uyğun deyil
21:23 2 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Brüssel, 2 dekabr, AZƏRTAC
Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov “EurActiv” portalına müsahibəsində ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinə dair sualları cavablandırıb.
Jurnalistin Avropa Parlamentinin Azərbaycanla bağlı son qətnaməsindən sonra Avropa İttifaqı ilə münasibətlərin hazırkı vəziyyəti barədə sualını cavablandıran səfir deyib ki, Azərbaycan hətta Avropa Parlamentinin qətnaməsindən əvvəl, Riqa Sammiti zamanı münasibətlərin gələcəyinə dair öz aydın və qəti mövqeyini bildirib. Biz hər iki tərəfin bərabər tərəfdaşlığı və birgə razılaşdırılmış prioritetlərə xidmət edəcək ikitərəfli əməkdaşlıq formatını diqqət mərkəzində saxlamaqda davam edirik. Təəssüf ki, Riqadan sonrakı dövrdə ikitərəfli əməkdaşlığa mənfi təsir edən bəzi meyillər özünü göstərdi. Azərbaycan həmişə konstruktiv dialoq tərəfdarı olub. Lakin təəssüf ki, Avropa İttifaqının bəzi institutları konstruktiv dialoqu mühazirə tipli monoloqa çeviriblər. Ancaq biz şagird deyilik. Buna görə də Azərbaycan parlamenti müvafiq qərar qəbul etdi.
Avropa Parlamentində ən böyük siyasi qrup olan Avropa Xalqları Partiyasının (AXP) əksəriyyətinin həmin qətnaməyə qarşı səs verməsi və səsvermədən sonra AXP qrupu daxilində “biz sadəcə bir ölkəni itirdik” kimi fikirlər səslənməsi ilə bağlı suala cavabında diplomat bildirib ki,
Azərbaycan məsələsi AXP və Sosial-Demokratlar arasındakı koalisiyanı parçalaya biləcək bir məsələyə çevrilib. Avropanın qonşuluğundakı hazırkı proseslər göstərir ki, bu dünyada heç kim mükəmməl deyil. Avropa Parlamentinin süni səbəblərlə öz birtərəfli qətnamə və bəyanatlarını təkrarlamaqla Azərbaycanı gözdən salmağa cəhd etdiyi bir vaxtda Avropanın siyasi paytaxtı qitənin ən təhlükəli şəhərlərindən birinə çevrilib və kütləvi miqrant axını İkinci Dünya müharibəsindən sonra ən böyük fəlakət kimi qiymətləndirilir. Halbuki Azərbaycan 20 ildən çoxdur ki, qaçqın və məcburi köçkün problemini yaşayır. Azərbaycan hökuməti və parlamenti ölkənin bir milyondan çox qaçqın və məcburi köçkününün mövcudluğuna, iki mindən artıq vətəndaşının terror qurbanı olmasına baxmayaraq, bu və ya digər problemləri Aİ institutlarını gözdən salmaq məqsədilə istifadə etməyib. Əslində, 11 sentyabr faciəsindən sonra olduğu kimi, Azərbaycan terrorizmə qarşı mübarizədə öz siyasi və hərbi iradəsini səfərbər edən ilk ölkələrdəndir. Həmişəki kimi, biz indi də avropalı dostlarımıza kömək etməyə hazırıq.
Səfir vurğulayıb ki, Şərq Tərəfdaşlığının bəzi ölkələri hərbi işğal, etnik təmizləmə və insanların məcburi yerdəyişməsi ilə nəticələnən, xaricdən diktə olunan hərbi münaqişələr və ərazi iddiaları ilə üz-üzədir. Bu münaqişələr suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı xüsusi qeyd olunmaqla, beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, həmçinin insan hüquqlarının açıq şəkildə pozulmasına gətirib çıxarıb. Avropa Qonşuluq Siyasəti bu prinsiplərə hörmət olunmasını aydın şəkildə əks etdirməlidir. Lakin təəssüflər olsun ki, Avropa Qonşuluq Siyasətinin icrası zamanı bu, baş vermədi. Riqa sammitində gördük ki, birgə sənədlərin hazırlanmasında ikili standartlar yanaşması Avropa Qonşuluq Siyasətinin əməkdaşlıq alətləri və mexanizmləri barədə necə məyusluq, hətta ruh düşkünlüyü yarada bilər. Əgər biz Avropa Qonşuluq Siyasətinin işləyən və etibarlı format olmasını istəyiriksə, sadəcə olaraq, bizə münasibətdə ikili standartlara yer olmamalıdır. İkili standartlar Avropanın özünün də maraqlarına uyğun deyil.
Azərbaycana qarşı çirkin kampaniyada Ermənistanın iştirakı ilə bağlı sualı cavablandırarkən səfir həmin həmin kampaniyanın arxasında bu ölkənin də olduğunu qeyd edib. Lakin o, Ermənistanın heç də müstəqil ölkə olmadığını vurğulayıb. Bildirib ki, əgər Azərbaycan siyasi istiqamətdən daha çox iqtisadi yöndə Avropaya doğru addımlayırsa bu, Ermənistan tərəfindən ciddi təhlükə kimi qiymətləndirilir. Çünki Ermənistan regionda tək qalacaq.
Diplomat qeyd edib ki, Azərbaycan öz yolu ilə irəliləyir. Nə Avropa Qonşuluq Siyasəti, nə də Şərq Tərəfdaşlığı Proqramı Aİ-yə üzv ölkələr və Azərbaycan arasında həqiqi ikitərəfli əməkdaşlığı əvəz edə bilməz. Biz özümüzü yalnız bununla çərçivələmək istəmirik. Bizim yanaşmamız tamamilə fərqlidir. Biz “Cənub” qaz dəhlizi layihəsini həyata keçiririk, TANAP layihəsinin 50 faizindən çox hissəsi hazırdır, ticarət dövriyyəmizin 50 faizindən çoxu Aİ ilə aparılır. Biznes əlaqələrimiz doğru istiqamətdədir.
F.İsgəndərov deyib ki, bu gün Azərbaycan Avropa ölkələrindən daha təhlükəsizdir. Biz Qərbdən olan tərəfdaşlarımızın terrorizmə qarşı mübarizələrinə tam dəstəyimizi göstəririk. Mürəkkəb regionda yerləşən gənc bir ölkə üçün bu, çətindir. Lakin bu, bizim seçimimizdir. Dostluq həmişə tam inam və etibara əsaslanmalıdır. Bu, Azərbaycanın yanaşmasıdır. Azərbaycan avropalı tərəfdaşlarından da eyni yanaşmanı gözləyir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sefir_Fuad_Isgenderov_Ikili_standartlar_Avropanin_ozunun_de_maraqlarina_uygun_deyil-907715

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR