Azərbaycan İranda böyük neft-qaz layihələrində pay sahibi ola bilər

Azərbaycan İranda böyük neft-qaz layihələrində pay sahibi ola bilər
21:44 2 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın ən böyük neft və qaz ehtiyatlarına malik olan ölkələrdən olan İran bu ilin iyul ayında "altılıq ölkələri" ilə bağlanmış nüvə sazişindən və bu ölkəyə qarşı tətbiq edilən sanksiyaların yumşaldılmasından sonra dünya neft-qaz bazarında vaxtilə tutduğu yeri qaytarmağa çalışır.

Bir neçə gün əvvəl isə İran rəsmilərinin verdiyi açıqlamalara görə, yaxın zamanlarda bu ölkənin xarici şirkətlərlə 30-a yaxın neft müqaviləsi bağlayacağı gözlənilir. Belə ki, İran ölkə iqtisadiyyatına 30 milyarda yaxın xarici investisiya cəlb etmək üçün beynəlxalq enerji şirkətlərinə böyük güzəştlər etməyi planlaşdırır. Bildirilir ki, nəzərdə tutulan gələcək neft kontraktları xarici investorlar üçün münasib və gəlirli olacaq, xarici enerji şirkətləri hasilatla bağlı daha böyük paya malik olub, uzunmüddətli şəkildə daha çox gəlir götürəcəklər. Bu şərtlər Tehranda keçirilən və dünyanın "BP", "Shell", "Total", "Statoil" və "Sinopec" kimi neft nəhənglərinin təmsilçilərinin də iştirak etdiyi qaz OPEC-i ölkələrinin konfransında da açıqlanıb.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev demişdi ki, SOCAR-da İrana investisiya yatırmaq variantlarına baxılır. R.Abdullayevin yayda İran səfəri zamanı neft naziri cənab Bijən Namdar Zəngənə ilə görüşləri və birgə iş birliyinə dair müzakirələr olmuşdu. Müzakirələrdən sonra SOCAR prezidenti artıq birgə iş birliyinə dair müəyyən layihələrin olduğunu da açıqlamışdı. O qeyd etmişdi ki, SOCAR-ın İranda həm investisiya layihələri həyata keçirmək, həm də operatorluq etməklə bağlı müəyyən layihələri var: "Azərbaycan İrana investisiya qoymaqda maraqlıdır. Düşünürəm ki, biz İran layihələrində aktiv iştirak edəcəyik".

İran tərəfinin isə Azərbaycanın qaz anbarlarının imkanlarından istifadə etmək və kommersiya qazı almaq istədiyi ortaya çıxmışdı.

Azərbaycanın İranın enerji layihələrində pay sahibi olmaq ehtimalını Milli.Az-a şərh edən Azərbaycan Respublikasının Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri Vüsal Qasımlı bildirib ki, indi İran bazarı artıq xaricilərin üzünə açılır, üstəlik İranda nisbətən yumşaq ticarət rejimi tətbiq edilir və iqtisadiyyat diversifikasiyaya doğru gedir. Bu halda Azərbaycanın bu ölkədəki iqtisadi proseslərdə, xüsusən də enerji layihələrində iştirakı imkanları genişlənir:

"Əgər biz Azərbaycan iqtisadiyyatının diversifikasiyasından danışırıqsa, təkcə SOCAR yox, İKT-dan tutmuş neft-qaz sahəsinə qədər bütün şirkətlər İran bazarında yeni imkanlar qazanır. Məsələn, İranın 200 milyard dollar tələb edən neft-qaz sektorunun dirçəlməsində SOCAR-ın da iştirak etməsi mümkündür. İranın nefti-qaz sektoru üçün məhz bu qədər məbləğ tələb olunur. Çünki orada infrastruktur kifayət qədər köhnəlib. Üstəlik, neft-qaz sahəsində kəşfiyyat işlərinin aparılması və burada hasilatın genişləndirilməsi istiqamətində böyük imkanlar var. Fikrimcə, SOCAR bu məsələlərdə böyük rol oynaya və müəyyən pay sahibi ola bilər".

Bundan əlavə, SAM-ın şöbə müdiri hesab edir ki, SOCAR-ın, eyni zamanda, İranda neft-kimya kompleksinin inkişafına da geniş cəlb edilməsi imkanları var: "İranın xaricdə dondurulmuş aktivlərinin həcmi ən azı 100 milyard həcmində qiymətləndirilir. Bunun sanksiyaların götürülməsindən sonra ölkəyə qaytarılması planlaşdırılır. Həmin vəsaitin də əsas hissəsinin məhz neft-kimya, qaz, karxana, yollar və tikintiyə yatırılması planlaşdırılır. Bu, o deməkdir ki, təkcə SOCAR yox, Azərbaycanın digər şirkətləri də İranda fəaliyyətlərini genişləndirməli və investisiya qoyuluşuna cəlb olunmalıdır".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/386754.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR