Nardaran radikallarını müdafiə edənlər kimlərdir?

Nardaran radikallarını müdafiə edənlər kimlərdir?
22:03 2 Dekabr 2015
143 Sosial
Ölkə mətbuatı
A- A+

Samir Məmmədov - Trend:

Son günlər Nardaranda baş verən hadisələr bəziləri tərəfindən birmənalı qarşılanmır. Ölkədə sabitliyi pozmaq istəyən bir qrup radikalın “Müsəlman birliyi” adı altında qanunsuz birləşərək qarşıdurma yaratması, ölkədə təxribat xarakterli hərəkətlər etməsi bəzi müxalif qüvvələr tərəfindən hətta müdafiə edilir. Nardaranda hüquq-mühafizə orqanları əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat, sabitliyi pozan təxribatların qarşısının alınması həmin şəxslər tərəfindən tənqid edilir. Azərbaycanda sabitliyi pozmağa cəhd edən bu şəxslər özləri nəyəsə nail ola bilmədiklərindən, baş verən hadisələrdə hakimiyyəti belə günahlandırmaq istəyir, keçirilən hadisələri "insan hüquqlarına zidd" adlandırmağa çalışır. Polisin ölkədə sabitliyin təmin edilməsi istiqamətində atdığı addımı bu şəxslər niyə başqa istiqamətə yozurlar? Niyə onlar bu əməliyyatı təxribatın qarşısının alınması kimi deyil, “insan hüquqlarının pozulması” kimi qələmə verirlər?

Əslində bu şəxslərin marağı açıq-aydın məlumdur. Onların məqsədi nə yolla olursa-olsun, hakimiyyətə, dövlətə və dövlətçiliyə qarşı çıxış etmək, ölkədə həyata keçirilən islahatları pisləmək, xalqın hakimiyyətə olan inamını zəiflətməkdir. Bu isə mümkün deyil, ona görə ki, xalq artıq ötən əsrin 1990-cı illərinin əvvəllərindəki düşüncə ilə yaşamır. İnsanlar Azərbaycanın müstəqiliyinin ilk dövründə baş verən çəkişmələri, qarşıdurmaları, hakimiyyətdə olan məmurların özbaşınalıqlarını, ölkənin uçuruma getdiyi dövrləri yaşayıb, artıq 20 ildən çoxdur ki, bu hadisələri analiz edib və nəticə çıxarıb. Azərbaycan ictimaiyyəti həmin dövrdəki hakimiyyətlə indiki durumu müqayisə edir və hadisələrə düzgün qiymət verir.

Həmin şəxslər iddia edirlər ki, guya hüquq-mühafizə orqanlarının ənəkdaşları Nardaranda dindarlara hücum edib, dindarlar namaz qıldıqları vaxt ibadət otağına basqın edilib və gülləbaran edilib. İddia edirlər ki, guya həbs olunanların əlində Quran kitabı olub və polislər həmin vaxtı onları gülləbaran edib.

Dindar hara, silah hara?

Maraqlıdır, əməliyyat saat 14:30 radələrində həyata keçirilib və radikallar zərərsizləşdirilib. Həmin vaxt isə dini təqvimdə heç bir namaz vaxtı göstərilməyib.

İkincisi, həmin şəxslər necə namaz qılıblar ki, həmin vaxt onların üzərində odlu silah və partlayıcı maddələr olub? Məgər dindarlar namaza zirehlə gedir? Onlar Quran olan otağa niyə yaraqlanıb gediblər? Çünki hadisə zamanı əməliyyat keçirilən otaqdan odlu silahlar və onun hissələri, müxtəlif çaplı silahların patronları, partlayıcı maddələr və sair təhlükəli alətlər aşkar edilib. Əgər polislər həqiqətən də ibadət əhlinə hücum edibsə, əgər saxlanılan şəxslər həqiqətən də dindarlardırsa, onda dindar hara, silah hara?

Əgər həmin “müdafiəçilər” saxlanılan şəxslərdə silah olmadığını deyirsə, onda daha bir sual yaranır. Bəs silah yox idisə, əməliyyat zamanı hüquq-mühafizə orqanlarının iki əməkdaşı necə həlak oldu? Onları kim öldürdü? Bəlkə deyəcəklər ki, onları da polislər vurub?

Digər bir məsələ. Hadisədən sonra bəzi müxalifət mediasına dayanmadan “canfəşanlıq”la müsahibə verən, “ay bizi qırdılar”, “ay bizi öldürdülər” deyən radikalların yaxınları iddia edirlər ki, onlar radikal deyil, Azərbaycan dövlətini və dövlətçiliyini sevir və qoruyurlar. Onlar bunu əməliyyat keçirilən otağa haradansa tapıb gətirilərək divara mismarla bərkidilən Azərbaycan bayrağı ilə sübut etmək istəyir. Hətta onlar iddia edirlər ki, guya Azərbaycan polisi əməliyyat zamanı Azərbaycan bayrağına da atəş açıb.

Azərbaycanı “sevən” nardaranlıların İran bayrağına sitayişi

Maraqlıdır, Nardaranda saxlanılan həmin şəxslər necə bayraqpərəstdirlər? Onlar Azərbaycan dövlətinə və dövlətçiliyinə necə xidmət edirlər ki, Nardaran qəsəbəsi ərazisində bu günə qədər bir yerdə də olsa Azərbaycan bayrağı asılmayıb? Hətta qəsəbənin girişində, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəklinin üstündən Azərbaycan bayrağı əvəzinə qara bayraq asılıb. Axı Mübariz İbrahimov hansısa bir dini obyekt uğrunda gedən döyüşlərdə həlak olmayıb. Mübariz İbrahimov Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda verib. Niyə onun şəklinin üzərində Azərbaycan bayrağı asılmayıb? Əgər Nardaran sakinləri Azərbaycan ərazisində yaşayıb, Azərbaycanın çörəyini yeyirsə və Azərbaycan vətəndaşıdırlarsa, qəsəbə ərazisində üçrəngli Azərbaycan bayrağı olmalıdır. Necə ki, əməliyyatdan sonra bu proses məcburi baş verdi.

Uzun illərdir Nardaran ərazisində İran bayrağı, dini bayraqlar dalğalanır. Niyə həmin şəxsləri müdafiə edənlər “insan hüquqları” deyib bağırmaqdansa, bu məsələlərə fikir vermir? Nardaran Azərbaycan ərazisi olduğu halda, qəsəbə ərazisini Xomeyninin və digər İran dini liderlərinin şəkilləri, plakatları və onların sitatları “bəzəyir”. Məgər Azərbaycan liderlərinin sitatları yoxdurmu? Niyə bu cür məsələlər qabardılmır? Niyə həmin şəxslər Azərbaycan hakimiyyətinin əleyhinə fikir səsləndirincə bu cür halları qabartmır?

İndi də həmin qüvvələr dayanmadan həbs olunan şəxslərin azadlığını tələb edir. Bu şəxslər ansı əsasla azadlığa buraxılmalıdırlar? Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyata mane olan, ölkədə sabitliyi pozmağa cəhd edən, dövlətin sabitliyini qoruyan polislərə müqavimət göstərən və ən əsası, 2 polisin ölümünə səbəb olan şəxslər hansı əsasla azadlığa buraxılsın? Hansı ölkədə belə bir “humanist” addım var, cənablar?

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2464248.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR