Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Romada keçirilən tədbirdə Azərbaycanla İtaliyanın elm və təhsil əlaqələri diqqət mərkəzində olub

Date: 3 December 2015 00:28


Roma, 3 dekabr, AZƏRTAC
İtaliyanın La Sapienza Universitetində “Festival Corriere İnternazionali” təşkilatı və bu təhsil ocağı tərəfindən beynəlxalq karyera imkanlarının müzakirə olunduğu tədbir keçirilib.
Tədbirin moderatoru, “Festival Corriere İnternazionali” təşkilatının icraçı direktoru Daniela Konte gənclərin gələcək karyeralarını düzgün istiqamətləndirmələri baxımından bu cür tədbirlərin önəmini vurğulayıb. Müzakirə olunacaq mövzular, çıxışçılar və gündəlikdə duran məsələlər barədə məlumat verən moderator tədbirdə səsləndirilən fikirlərin iştirakçılar üçün böyük əhəmiyyət kəsb edəcəyini bildirib.
La Sapienza Universiteti rektorunun nümayəndəsi, professor Andrea Karteni təmsil etdiyi təhsil ocağının fəaliyyətindən və beynəlxalq əlaqələrindən danışıb. Diqqətə çatdırıb ki, universitet Azərbaycanın bir sıra ali təhsil ocaqları ilə fəal əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində La Sapienza Universitetində Azərbaycanşünaslıq kursunun təşkili bu ölkə ilə daha yaxından tanış olmaq istəyən tələbələr üçün yaxşı imkan yaradır. İtaliyada təhsil alan azərbaycanlı tələbələrin də sayının artığını vurğulayan A.Karteni hər iki ölkənin gənclərinin tərəfdaşlıq əlaqələrinin genişlənməsinə töhfə verəcəklərinə ümidvar olduğunu bildirib.
Tədbirdə çıxış edən İtaliyanın xarici işlər nazirinin müavini Benedetto della Vedova ölkəsinin beynəlxalq arenadakı mövqeyindən, xarici ölkələrlə əlaqələrindən bəhs edib. Gənclərin uğurlu karyeraya gedən yollarının təhsil aldıqları universitetlərdən başladığını vurğulayan nazir müavini tələbələri ali təhsil müəssisələrinin imkanlarından geniş istifadə etməyə və fəal olmağa çağırıb.
Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşı Samir Allahverdiyev çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycan ilə İtaliya arasında bütün sahələrdə, o cümlədən təhsil sektorunda yüksək səviyyəli əlaqələr mövcuddur. Hər iki ölkənin təhsil ocaqları arasındakı əlaqələrin genişlənməsindən bəhs edən diplomat vurğulayıb ki, La Sapienza Universiteti ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşlığı çərçivəsində bu təhsil ocağında Azərbaycan multikulturalizmi fənni tədris olunur. Eyni zamanda, universitetin nəzdində Azərbaycan üzrə Araşdırmalar və Tədqiqatlar Mərkəzi fəaliyyət göstərir.
Diplomat vurğulayıb ki, ölkələrimizin dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərləri siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu göstərir. Xüsusilə 2014-cü ildə Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri çərçivəsində qəbul olunmuş “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” əməkdaşlığımızın daha da genişləndirilməsinə təkan verməkdədir.
“Milan Expo-2015” Ümumdünya sərgisi çərçivəsində Azərbaycan-İtaliya Universitetlərarası Forumunun keçirildiyini xatırladan S. Allahverdiyev bildirib ki, bu kimi tədbirlərin təşkili ölkələrimizin təhsil sahəsində əlaqələrinin yüksək səviyyədə olduğunu göstərir. O deyib ki, sürətlə inkişaf edən ikitərəfli əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyənləşdirilməsində Manuella Sessanın rəhbərlik etdiyi Azərbaycan-İtaliya Gənclər Assosiasiyası mühüm rol oynayır və gənclərimizin yaxınlaşmasına töhfə verir.
BMT-nin iqtisadiyyat və sosial işlər üzrə departamentinin nümayəndəsi Cerardo Kazini, qurumun kənd təsərrüfatının inkişafı üzrə beynəlxalq Fondunun təmsilçisi Monika Bugghi, Dünya Təhsil Proqramının üzvü Marko Makki və digərləri çıxış edərək düzgün karyera qurmağın yolları haqqında geniş məlumat veriblər. Qeyd ediblər ki, müasir gənclər arzuladıqları ixtisasın peşəkarı olmaları istiqamətində bütün əngəlləri aradan qaldırmaq iqtidarındadırlar.
Sonda müvafiq mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və geniş müzakirələr aparılıb.
Tədbirdə Romada fəaliyyət göstərən elmi dairələrin nümayəndələri, aparıcı tədqiqatçılar, La Sapienza Universitetinin professor, müəllim və tələbə heyəti və yerli KİV-lərin təmsilçiləri iştirak ediblər.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Tags:  Romada keçirilən tədbirdə Azərbaycanla İtaliyanın elm təhsil əlaqələri diqqət mərkəzində olub


RƏYLƏR


Top news