Amaliya Pənahova: "Məgər sevginin də yaş məhdudiyyəti var?"

Amaliya Pənahova: "Məgər sevginin də yaş məhdudiyyəti var?"
09:42 3 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+

Qadına daha çox etibar, etimad və inam gərəkdir

Milli.Az axar.az-a istinadən Amaliya Pənahovanın müsahibəsini təqdim edir: 

Amaliya Pənahova 15 iyun 1945-ci ildə Gəncə şəhərində anadan olub. Azərbaycan SSR Dövlət Mükafatı laureatı, sənətşünaslıq doktoru, professor,  Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Avropanın əməkdar elm və mədəniyyət xadimi, "Şöhrət", "Şərəf" ordenli, TÜRKSOY-un Haldun Taner medalının sahibidir.

2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi fəaliyyət göstərib. Avropanın əməkdar elm və mədəniyyət xadimidir. Xalq artisti həyatını bəzən günün 24 saatına sığışdıra bilmir. Ona görə, əsl xoşbəxtlik hər zaman lazımlı olmağı hiss etməkdir. Müstəqil düşüncəli xanımlara heyran olduğunu deyir.

- Necəsiniz? Həyat necə davam edir?

- Çox gözəl, dolğun, gərgin çalışmalarla...

- Həyat bir mübarizədir, tək qadın olaraq mübarizə aparmaq çətin deyil ki?

- Nəinki mübarizədə, ümumiyyətlə, Şərqdə qadın üçün hər zaman çətin olub. Sənətdə isə 10-qat daha çətindir.

- Amaliya Pənahova necə xanımlara heyran olur?

- Müstəqil düşüncəli, istedadlı xanımlara.

- Uğurlu qadın olmağın əsas şərtləri hansılardır?

- Çalışmaq, dəqiqlik və bacarıq. Bəzi hallarda isə şans. Gərək Allah-təalanın nəzəri bəndəsinin üzərindən əksik olmasın. Hər şey istedada və bacarığa bağlıdır. İnsan gərək öz bacarığından, istedadından maksimum istifadə etməyi bacarsın.

- Bu gün Azərbaycan qadınının qarşılaşdığı ən böyük çətinlik nədir?

- Etibar. Gərək qadınlarımıza daha çox etibar edilsin. Biz bu gün müxtəlif sahələrdə işləyən xanımlar görürük, lakin onların sayı çox azdır. Qadına daha çox etibar, etimad və inam gərəkdir.

- Sizə görə, qadının daha çox sevgiyə ehtiyac duyduğu yaş dönəmi hansıdır?

- Məgər sevginin də yaş məhdudiyyəti var? Ürək nə qədər döyünürsə, o qədər də sevgiyə ehtiyac var. Bu tək əks-cinsə olan sevgi deyil, buna həyat, sənət, vətən də aiddir. Tükənməzdir sevgi.

- Rəfiqə sizin üçün nə deməkdir?

- Mən rəfiqə nə demək olduğunu bilmirəm, çünki mənim rəfiqəm, dostum olmayıb. Sadəcə, yaxşı həmkarlarım və tanışlarım olub. Çünki mən çox erkən ailə qurdum və bundan sonra da bütün vaxtımı, fikrimi ailəmə yönəltdim. Mənim bütün rəfiqəm də, dostum da sirdaşım da həyat yoldaşım oldu.

- Gəlin, bir az da qadınların qarşılaşdığı ədalətsizliklərdən danışaq. Çoxmu qarşılaşmısınız?

- Bəli, həddindən artıq haqsızlıqlarla qarşılaşmışam, amma bunların nə, kimlər tərəfindən olduğunu açıqlamaq istəməzdim.

- Hər zaman qaynananızla yaxşı dolandığınızı demisiniz. Qaynana-gəlin münasibətlərinin qaydasında olması üçün vacib olan nədir?

- Qarşılıqlı hörmət çox vacibdir. Düşünürəm ki, çalışdıqca qaynanadan ayrı yaşamaq lazımdır. Çünki gənc ailə valideyn qayğısından kənar yaşamağı öyrənməli, əziyyətə qatlanmağı bacarmalıdır. Xoşbəxtlikdən, mən qaynana ilə bərabər yaşamamışam.

- Nəyə görə insanlar sizi kövrək qadın hesab edirlər?

- Deməzdim ki, kövrəyəm. Ola bilsin, səhnədə oynadığım rollar kövrək olub. Bəli, yalnız səhnədə mənim göz yaşım çox olub. Mən insanları çox gözəl başa düşürəm. Düşünürəm ki, kövrək yox, həssasam.

- Amaliya Pənahova kimlərə inanmır?

- Guruldayan insanlara. O cür insanlar, demək olar ki, mənim üçün yoxdurlar. Onları boş insan hesab edirəm.

- Sizcə, yeni imiciniz nəyə görə insanların bu qədər marağını çəkdi?

- Mənə də bu çox maraqlı gəldi (gülür). Bir şeyə sevindim ki, deməli, hələ də gündəmdə, maraq dairəsindəyəm. İllər keçməsinə baxmayaraq, nəinki yaşıdlarım, həm də gənc, yeniyetmələr buna maraq göstərib, maraqlandılar. Bu bir daha təsdiqləndi ki, mən sənətimdə düz seçimdəyəm. Necə ki, həyatım, görkəmim, eləcə də, sənətim hələ də maraqlıdır. İmicə gəlincə, onu filmə görə dəyişmişdim, müvəqqəti olduğuna görə də heç kimə cavab vermədim (gülür).

- Necə seçim etməlidir qadın?

- Seçim ürəkdən gəlməlidir. Edilən seçimin də çətinliklərinə dözməyi bacarmalısan.

- İnsanlarda bəyənmədiyiniz nələrdir?

- Etibarsızlıq, xəyanət, yalan. İnsan öz hədəfinə doğru, mətinliklə, namusuyla getməlidir. Əgər kiminsə evini yıxırsa, hansısa uşağı gözüyaşlı qoyursa, ehtiyacı olanın çörəyini əlindən alırsa, o, insan deyil.

- Sənət adamları haqqında hər zaman şayiələr dolaşır, bəs Amaliya xanım haqqında?

- Bilirsiniz, necədir, haqqında şayiələr dolaşan insanların əksəriyyətinin nümayiş etdirəcək heç nəyi yoxdur. Gündəmdə qalmaq üçün nələrinsə xətrinə şayiələr dolaşdırırlar. Mənim isə heç vaxt şayiələrə ehtiyacım olmayıb.

- Sonda xanımlara nə demək istəyirsiniz?

- Qadınlara mətinlik, iradə, dözümlülük, böyük sevgi arzu edirəm. Əsas odur ki, xoşbəxt olsunlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/387163.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR