"Foreign Policy News": ABŞ-da tətbiq edilən seçkiqabağı fırıldaqlar Azərbaycanda yoxdur

"Foreign Policy News": ABŞ-da tətbiq edilən seçkiqabağı fırıldaqlar Azərbaycanda yoxdur
10:17 3 Dekabr 2015
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Amerikanın analitik xəbər portalı "Foreign Policy News" psixiatriya doktoru Mellori Mossun "Azərbaycanda parlament seçkilərinin dərsləri" sərlövhəli məqaləsini dərc edib. O, cari ilin noyabrında Azərbaycanda keçirilən parlament seçkilərində ABŞ-dan beynəlxalq müşahidəçi kimi iştirak edib. M.Moss beynəlxalq münasibətlər sahəsində böyük təcrübəyə malikdir. O, əhalinin kütləvi məhv edilməsi, o cümlədən Sudanda soyqırımın psixoloji fəsadları problemlərini araşdıran layihələrdə iştirak edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, müəllif məqalədə yazır ki, Azərbaycan dini və etnik qruplara münasibətdə tolerantlıq sahəsində öz mütərəqqiliyi və yüksək reputasiyası, qərbyönlü strateji dünyagörüşü ilə tanınır.

M.Moss qeyd edir ki, o, psixoloq kimi əvvəllər Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərindən azərbaycanlı əhalinin etnik təmizlənməsinin nəticələri, bir milyondan çox qaçqın və məcburi köçkünlərin ağır vəziyyəti haqqında yazıb. Ekspert bu dəfə fikrini Azərbaycanda siyasi sistemin ədaləti üzərində cəmləyib.

M.Moss iyirmi illik səsvermə təcrübəsinə malik amerikalı seçici kimi yazır ki, Azərbaycanın seçki təcrübəsindən çox şey öyrənmək olar. O, seçkilərin şəffaf prosesini təmin etmək məqsədilə səs vermiş seçicilərin identifikasiyası üçün görünməz mürəkkəblərdən istifadənin üstünlüyünü qeyd edir, demokratik proseslərin dünya standartlarına uyğun olmaq üçün azərbaycanlıların səsvermə prosesini daim təkmilləşdirməyə hazır olmasını vurğulayır. Müəllif qeyd edir ki, ABŞ-da tətbiq edilən "gerrymandering" kimi seçkiqabağı fırıldaqlar Azərbaycanda yoxdur. "Gerrymandering" seçki dairələrinin əsassız demarkasiyasıdır. Bu, siyasi qüvvələr nisbətinin süni dəyişdirilməsi məqsədilə tətbiq edilir. M.Moss vurğulayır ki, Azərbaycanda seçki dairələri coğrafi inzibati bölgülərə müvafiq gəlir və nəticələrin nisbətinin dəyişdirilməsinə imkan vermir.

Müəllif beynəlxalq müşahidə missiyalarına münasibətdə Azərbaycanın obyektivliyindən danışaraq göstərir ki, respublika rəhbərliyi müxtəlif ölkələrdən, o cümlədən Almaniya, İsrail, İtaliya və ABŞ-dan çoxsaylı müşahidəçiləri dəvət etmişdi. M.Moss sual edir: "ABŞ sonuncu dəfə bunu nə vaxt edib?" O, daha sonra yazır ki, gənc müstəqil Azərbaycan dövlətinin hökuməti seçkiləri müşahidə etmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (DTİHB) dəvətnamə göndərib. Lakin bu təşkilat Azərbaycana yüzlərlə müşahidəçi göndərməkdə israrlı olub, Azərbaycan isə özünün seçki dairələrinin sayına müvafiq, yəni 125 müşahidəçi göndərilməsini xahiş edib. Sonda DTİHB inadkarlıq edərək müşahidəçilərini parlament seçkilərinə göndərməkdən imtina edib. Müəllif öz mənbələrindən əldə etdiyi məlumatlara əsaslanaraq qeyd edir ki, əslində Azərbaycan daha çox müşahidəçi qəbul etməyə hazır idi. Lakin o, DTİHB-nin nə üçün bu ölkəyə başqa ölkələrdən daha çox müşahidəçi göndərməyə çalışmasını bilmək istəyirdi. Nəticədə DTİHB dialoqdan imtina edib. Bunun əvəzində Azərbaycanda parlament seçkiləri haqqında neqativ məqalələr dərc edilməyə başlandı. Müəllif vurğulayır ki, DTİHB-nin müşahidə missiyasının gəlməsinə maneə Azərbaycan yox, bu qurumun özü olub.

Sonda M.Moss yazır ki, seçkilər Azərbaycanda şəffaf keçib və bütün demokratik normalara uyğun olub. Bu onu təsdiqləyir ki, azərbaycanlılar həqiqətən azad və ədalətli seçkilərin keçirilməsinə can atırlar.

Məqalənin tam mətnini aşağıda qeyd edilən linkdən oxumaq olar:

http://foreignpolicynews.org/2015/12/01/lessons-from-the-parliamentary-elections-in-azerbaijan/

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/387187.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR