Bakıda III Regional İnternet İdarəçilik Forumu öz işinə başlayıb

Bakıda III Regional İnternet İdarəçilik Forumu öz işinə başlayıb
11:03 3 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
“Bakutel 2015” XXI Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransı çərçivəsində dekabrın 3-də Bakıda “İKT innovasiyalarının regional inkişaf mühitinin yaradılması” mövzusunda III Regional İnternet İdarəçilik Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinın, BMT-nin İnkişaf Proqramının (UNDP) və “ADA” Universitetinin təşkilatçılığı ilə keçirilən forumun rəsmi tərəfdaşları isə BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti (UNDESA) və İnternet İdarəçilik Forumudur (IGF).
“ADA” Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun dekanı, elmlər doktoru Muhammadu Kah forumun İKT sektorunun inkişafı üçün əhəmiyyətindən danışıb. Bildirib ki, yeni texnologiyaların işlənib hazırlanması yüksək fəaliyyət tələb edir və davamlı inkişafı təmin edir. Regionda yeni İKT iqtisadiyyatının yaradılmasına ehtiyac var. Keçirilən forum bu işin daha da təkmilləşdirilməsinə öz töhfəsini verən platforma olacaq. Bununla da İKT və innovasiyalı iqtisadiyyat yaranacaq, tələbələrin yeni startaplar və İKT innovasiyaları yaratmalarına stimul olacaq. Nəticədə isə yüksək ixtisaslı gənclərə və kadrlara olan tələbatın təmin olunması mümkün olacaq.
“ADA” Universitetində informasiya texnologiyaları sahəsi üzrə 4 proqramın icra olunduğunu deyən Muhammadu Kah qeyd edib ki, III Regional İnternet İdarəçilik Forumu rəqəmsal iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək.
“ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev bu tədbirin universitet üçün əhəmiyyətini qeyd edərək deyib: "Çox şadıq ki, III Regional İnternet İdarəçilik Forumu "ADA" Universitetində keçirilir və bu bizim üçün çox vacibdir. Əminik ki, bu forum universitetin İKT fakültəsinin tələbələri üçün əhəmiyyətli olacaq".
Enerji iqtisadiyyatının şaxələndirilməsi üçün forumun mühüm rol oynayacağını deyən Hafiz Paşayev bildirib ki, informasiya texnologiyalarının inkişafı, onun iqtisadiyyatda tətbiqi çox əhəmiyyətlidir.
Azərbaycanda diplomatik fəaliyyəti başa çatmış BMT-nin rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Broek deyib: "Azərbaycan İKT sahəsində BMT-nin siyahısında yüksək pillədədir. Biz təklif edirik ki, digər ölkələr Azərbaycanın bu sahədəki təcrübəsindən istifadə etsin. BMT bunun üçün Azərbaycana daim dəstək olacaq".
BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin (UNDESA) idarəetmə və ictimai administrasiya üzrə baş mütəxəssisi Vyaçeslav Çerkasov isə forumun informasiya texnologiyalarının inkişafına mühüm töhfələr verəcəyini deyib.








Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_III_Regional_Internet_Idarechilik_Forumu_oz_isine_baslayib-907762

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR