Ekspertlər: "Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi Qarabağ sülh prosesini "dondurub"

Ekspertlər: "Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi Qarabağ sülh prosesini "dondurub"
12:42 3 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ Ekspertlərin fikrincə, ATƏT-in Minsk qrupunun həmsədrləri 2015-ci il ərzində arxasında heç nəyin dayanmadığı çoxvədli, amma passiv bəyanatlar verib.
"Birmənalı olaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı xüsusi dəyişiklik baş verməyib. Vaxtaşırı ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən çoxvədli bəyanatlar səsləndirilib. Amma onların arxasında heç nə dayanmayıb", - "Report"a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.
Onun sözlərinə görə, Azərbaycanı atəşkəsə çağıran strukturlar özlərini elə aparırdı ki, sanki Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun erməni işğalı altında olmasından və bu ərazilərin azad edilməsinin zəruriliyi barədə Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin mövcudluğundan xəbərsizdir.
Ekspert ilin ikinci yarısında Rusiyanın bu məsələdə digər həmsdərlər kimi təşəbbüslə çıxış edib ilk mərhələdə işğal altında olan 5 rayonun geri qaytarılacağı barədə variantı təklif edəcəyi ilə bağlı ilkin məlumatların yayılmasını xatırladıb. Amma son günlərdə baş verənlər, regiondakı gərginlik və Rusiya ilə Türkiyənin münasibətlərinin pisləşməsi danışıqlar prosesini bir qədər də "dondurub": "Məncə, bir müddət sonra yenə eyni ssenarinin şahidi olacağıq. Amma artıq bu dəfə daha çox fəallıq və həmlələr nümayiş etdirmək lazım gələcək".
Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün Türkiyənin bir vasitəçi kimi artan fəallığından danışan politoloq qeyd edib ki, aparıcı rol, şübhəsiz, həmsədr kimi Rusiyaya aid olacaq. Amma digər həmsədrlərin razılığı ilə Türkiyə prosesə cəlb edilə bilər.
"Əlbəttə, Türkiyə və Rusiya arasındakı münasibətlər bu gün birbaşa olaraq bu məsələnin həllinə təsir etmir, amma ümumilikdə müəyyən dərəcədə təsirə malikdir. Ermənipərəst ekspertlər, analitiklər tərəfindən Rusiya cəmiyyətində yaradılan türk fobiyası ictimai rəyə mənfi təsir göstərir. Fikrimcə, rəsmi Moskva da bu fikirlə hesablaşmağa məcburdur", - F.Sadıxov deyib.
O, Rusiya-Türkiyə münasibətlərinin gələcəkdə düzələcəyinə, əlaqələrin bərpa olunacağına əmin olduğunu qeyd edərək Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin yenidən gündəmə gətiriləcəyini bildirib.
"Hesab edirəm ki, ilkin mərhələdə işğal edilmiş 5 rayonun azad edilməsi ilə bağlı yeni fikirlər yarana bilər", - politoloq söyləyib.
Öz növbəsində, ekspert İlqar Vəlizadə də bu il ərzində Qarabağ münaqişəsinin həlli yolunda ciddi addımlar atılmadığına görə təəssüfləndiyini bildirib.
"ATƏT-in Minsk qrupunun həmsədrləri fəal hərəkətlər əvəzinə komformist mövqe tutdu, status-kvonu dəyişməyə real istək olmadan yalançı aktivlik nümayiş etdirdi. Hərçənd, ilin sonunda prezidentlərin görüşünün təşkili ilə bağlı qərar vacib hadisədir, amma bu, danışıqlar prosesi üçün yalnız kiçik bir təsəlli ola bilər", - o deyib.
Dekabrın 3-4-də Belqradda keçiriləcək ATƏT Nazirlər Şurasının iclası barədə danışarkən İ.Vəlizadə bildirib ki, görüş demək olar, transavropa təhlükəsizlik sisteminin iflici şəraitində keçiriləcək.
"Demək olar, bütün münaqişəli vəziyyətlərdə bu, müşahidə olunur. Söhbət yalnız yanaşmalardakı fərqdən getmir, biz eyni zamanda hamı tərəfindən qəbul edilmiş ümumi müddəalara yanaşmalarda uyğunsuzluq görürük", - ekspert bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/analitika/ekspertler-rusiya-turkiye-munasibetlerinin-pislesmesi-qarabag-sulh-prosesini-dondurub-rey

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR