Nəfəs LGBT-dən İranlı siyasətçiyə cavab: Dini radikalizmə homoseksuallıqla haqq qazandırmaq olmaz!

Nəfəs LGBT Azərbaycan Alyansının İranlı siyasətçinin Azərbaycanı təhdid edərkən homoseksuallıq mövzusundan istifadə etməsinə münasibətini Metbuat.az olduğu kimi təqdim edir:

"Nəfəs LGBT Azərbaycan Alyansı bəzi qüvvələrin ölkədə iğtişaş yaratmaq üçün homoseksuallıq mövzusundan istifadə etməsini qəti şəkildə pisləyir. İran parlamentinin təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini Mənsur Həqiqətpurun dini radikalizmə haqq qazandırması İranın bu məsələdə hansı mövqedə durduğunu göstərir. Üstəlik, bu məsələnin fonunda homoseksuallıq mövzusunu istifadə etməsi heç başa düşülən deyil. Ölkədə iğtişaş yaratmaq üçün homoseksuallıq məfhumundan istifadə siyasi acizlikdir.

Təşkilatın rəhbəri Cavid Nəbiyev Mənsur Həqiqətpurun Azərbaycanı təhdid etməsinə öz münasibətini bildirib: “Homoseksuallıq radikal quruplara haqq qazandırmaq üçün alət kimi istifadə oluna bilməz. Azərbaycanın LGBT İcması ölkədə tolerant cəmiyyət qurulmasının, dinindən, cinsindən, cinsi oriyentasiyasından, milliyətindən asılı olmayaraq hər kəsin sülh içində yaşamasının tərəfdarıdır. Azərbaycanda ən çox əzilən sosial qruplardan biri də LGBT fərdlərdir. İranlı siyasətçi unudub ki, Azərbaycan Respublikasında din dövlətdən tamamilə ayrıdır və dövlətimiz dini əsaslarla idarə olunmur. Təbii ki, homofobiyanın qaynaqlandığı mənbələrdən biri radikal dini baxışlardır. Dinin qatı radikalizmə çevrildiyi ölkələrdə homoseksual fərdlərin zorakılıqlarla, qətllərlə üzləşdiyinin şahidiyik. Həmin ölkələrdə nəinki LGBT haqları, ümumilikdə fundamental insan haqlarından belə söz edilə bilməz. İranlı millət vəkili homoseksuallıq mövzusuna toxunmaqla onu sübut etdi ki, İran fundamental insan hüquq və azadlıqlarına qarşıdır. İranda LGBT fərdlərə qarşı olan zorakılığın sayı hesabı yoxdur. Bu zorakılıq dövlət səviyyəsindədir.

1 il öncə Avqustun 22-si təşkilatımızın rəsmi saytına (www.lgbtaz.org) hücum olmuşdu. Saytın admin panel məlumatlarını ələ keçirən şəxslər saytı fəaliyyətsiz hala saldılar. Həmin şəxslər İslam bayrağı fonunda “Azərbaycanda sizə yer yoxdur! Hamınızı məhv edəcəyik!” sözlərini qeyd etmişdilər. Təşkilat olaraq Azərbaycanda istənilən növ radikalizmin əleyhinə olduğumuzu bildirmək istəyirəm. Çünki, bu radikalizmdən ən birinci LGBT fərdlər əziyyət çəkəcək. Bu gün İŞİD-in homoseksual şəxsləri necə öldürdüyünün şahidi oluruq.

Ümüd edirəm ki, Azərbaycanda bu cür halların yaranmaması üçün hüquq-mühafizə orqanları kifayət qədər mübarizə apararaq radikal qrupların öz mənfur istəklərini gerçəkləşdirmələrinə mane olacaqlar.”

Xatırladaq ki, İran parlamentinin təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini Mənsur Həqiqətpur “Azərbaycanın bir tərəfdən homoseksuallara azadlıq vediyini, digər tərəfdən şiələrə qarşı güc tətbiq etdiyini” deyib. İranlı deputatın sözlərinə görə, bu cür hadisələrin çox pis nəticələri olacaq."


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR