"GreenCar"ın elektrik nəqliyyat vasitələri "BakuTel 2015" sərgisində təqdim olunur - FOTO

"GreenCar"ın elektrik nəqliyyat vasitələri "BakuTel 2015" sərgisində təqdim olunur - FOTO
13:12 3 Dekabr 2015
11 Digər
Ölkə mətbuatı
A- A+

IDEA - Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin dəstəyi ilə innovativ - ekoloji layihələr həyata keçirən "GreenCar" - elektrik nəqliyyat vasitələrinin satış mərkəzi "BakuTel 2015" 21-ci beynəlxalq sərgi və konfransında iştirak edir.

Trend-in məlumatına görə, sərgidə ilk dəfə təmsil olunan "GreenCar" ən son texnoloji yenilikləri özündə əks etdirən, ekoloji baxımdan təmiz elektrik avtomobilləri, motosiklləri və digər elektrik nəqliyyat vasitələrini təqdim edir. Eyni zamanda, burada elektrik avtomobilləri üçün enerji doldurma məntəqələri də sərgilənir.

Qeyd edək ki, "Greencar"ın təqdim etdiyi elektrik nəqliyyat vasitələri sərgi iştirakçılarının ilk gündən marağına səbəb olub. Elektrik avtomobilləri, motosiklləri və s. ilə yaxından tanış olan ziyarətçilərə onlarda tətbiq olunan texnoloji yeniliklər, elektrik nəqliyyat vasitələrinin ətraf mühitin qorunması baxımından üstünlükləri barədə məlumatlar təqdim edilir. İzləyicilərə, həmçinin enerjidoldurma məntəqələrinin işləmə qaydaları barədə informasiyalar çatdırılır.

Xatırladaq ki, "GreenCar" MMC IDEA - Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin dəstəyi ilə 2014-cü ildən ölkə ərazisində genişmiqyaslı innovativ - ekoloji layihələrin həyata keçirilməsinə başlayıb.

2015-ci il iyunun 17-dən isə "GreenCar" MMC, "Azərişıq" ASC və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilən bu layihə çərçivəsində Azərbaycanda elektrik avtomobilləri üçün enerji doldurma məntəqələrinin quraşdırılmasına başlanılıb. Qeyd edək ki, ilk belə məntəqə Heydər Əliyev Mərkəzinin parkında quraşdırılıb. Müasir texnoloji vasitələrlə təmin olunan enerji doldurma cihazlarının Bakının müxtəlif yerlərində və ölkəmizin bir sıra regionlarında quraşdırılması nəzərdə tutulur.

Elektrik avtomobilləri ilə bağlı bu layihələrin əsas məqsədi ən son texnoloji yeniliklərin Azərbaycana gətirilməsi, ətraf mühitin innovativ metodlarla qorunmasına xidmət etmək, bununla da ölkə ərazisində ətraf mühitin mühafizəsi və sağlam ekoloji mühitin yaradılmasına dəstək göstərməkdir.

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/387230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR