Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Banklar Assosiasiyasının üzvləri ilə fikir mübadiləsi aparıb

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Banklar Assosiasiyasının üzvləri ilə fikir mübadiləsi aparıb
13:48 3 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı Azərbaycan Banklar Assosiasiyasının üzvləri ilə görüşüb.
Komitədən AZƏRTAC-a bildirilib ki, Rüfət Aslanlı ümummilli lider Heydər Əliyevin qətiyyətli və uzaqgörən siyasətinin məntiqi nəticəsi olaraq müstəqillik bərpa olunduqdan sonra dövlətimizin dayanıqlı, sabit və tarazlı iqtisadi inkişaf modelinin formalaşdığını və bunun sayəsində Azərbaycanın qısa zaman kəsiyində yüksək sosial-iqtisadi nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb. Sədr dünyanın əksər dövlətlərinin onilliklər boyu keçdiyi tərəqqi mərhələlərini Azərbaycanın sürətlə adlamasını son 10 ildə aparılan iqtisadi şaxələndirmə siyasətinin obyektiv nəticəsi kimi dəyərləndirib. Ölkədə dayanıqlı makroiqtisadi və maliyyə sabitliyinin və yüksək fiskal aktivlik hesabına iqtisadi diversifikasiyanın təmin olunduğunu diqqətə çatdıran komitə sədri iqtisadiyyatda geniş pul kütləsinin, eləcə də onun ümumi daxili məhsula nisbətinin artdığını, həmçinin neft gəlirlərinin sterilizasiyası nəticəsində valyuta ehtiyatlarının həcminin yüksəldiyini vurğulayıb.
Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində həyata keçirilən islahatların dolğun mənzərəsini canlandıran R.Aslanlı ölkənin kapital bazarlarının məhz bu mərhələdə formalaşmağa başladığı, bu dövr ərzində qiymətli kağızlarla ticarət proseslərinin sadələşdirilərək avtomatlaşdırıldığı, maliyyə vasitəçilərinin institusional potensialının artdığı, onların bilik və məlumatlılıq səviyyəsinin yüksəldiyi, bazara yeni maliyyə alətlərinin təklif olunduğu barədə görüş iştirakçılarına məlumat verib. Sədr sadalanan tədbirlərin qiymətli kağızlar bazarının monetar və fiskal alətlərin ticarət platformasından özəl sektorun əməliyyatlarının maliyyələşdirilməsi üzrə platformaya transformasiya olunmasına töhfə verdiyini qeyd edib.
Dünya iqtisadiyyatının üzləşdiyi qlobal problemlərin ənənəvi iqtisadi və sosial inkişaf modelinə yenidən baxmaq zərurəti yaratdığını qeyd edən R.Aslanlı uzaq perspektivə hesablanan inkişaf strategiyasının bugünkü çağırışlara düzgün cavabların tapılmasından asılı olduğunu vurğulayıb. Sədr ortamüddətli perspektiv üçün əsas məqsədin iqtisadiyyatın kapitala olan tələbatını təmin etmək üçün effektiv infrastrukturun formalaşdırılmasına və maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsinə nail olmağın vacibliyini qeyd edib.
Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev yeni çağırışlara uyğun qurulacaq iqtisadi modernizasiya siyasətinin formalaşdırılmasında bank sektorunun önəmini xüsusi vurğulayıb.
Sonda görüş iştirakçılarının qiymətli kağızlar bazarında mövcud trendlərlə əlaqədar sualları cavablandırılıb və biznes dairələrinin ortamüddətli strategiyalarının müəyyən olunması ilə bağlı yeni iqtisadi çağırışlara dair fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qiymetli_Kagizlar_uzre_Dovlet_Komitesinin_sedri_Banklar_Assosiasiyasinin_uzvleri_ile_fikir_mubadilesi_aparib-907840

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR