Rusiya-İran: strateji tərəfdaşlıq layihələri və reallıq

Rusiya-İran: strateji tərəfdaşlıq layihələri və reallıq
14:17 3 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putinin İrana son səfərini dünya KİV-i diqqətlə izləyib. Tehranda qaz ixrac edən ölkələrin təmsilçiləri əməkdaşlığın perspektivlərini qlobal geosiyasi mənzərəni nəzərə almaqla müzakirə etməli idilər. O cümlədən Moskva ilə Tehranın qarşılıqlı əlaqələri hansı istiqamətlərdə gücləndirmək niyyətində olduqlarını aydınlaşdırmaq maraq doğururdu. Tərəflər arasında aparılan müzakirələr göstərdi ki, bu aspektdə onların kifayət qədər potensialı vardır. İki ölkənin geosiyasət, iqtisadiyyat, enerji və terrorla mübarizə sferalarında ortaq maraqları az deyil. Bununla yanaşı, hazırda mövcud olan bir sıra geosiyasi faktoru nəzərə almamaq da mümkün deyildir. Bütün bunlara geniş prizmadan diqqət yetirdikdə, Rusiya liderinin Tehran səfərinin maraqlı cəhətləri üzə çıxır.

Enerji layihələri və terrorla mübarizə: kəsişmə xətti haradan keçir?

Qaz ixrac edən ölkələrin Forumunun İranda keçirilən son zirvə toplantısında qlobal əhəmiyyətli hadisələr baş verib. Xüsusilə Rusiya ilə İran arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə əlaqədar geniş müzakirələr aparılıb. KİV-də yayılan məlumatlara görə, iki ölkə bir çox sahələrdə qarşılıqlı əlaqələri genişləndirmək qərarına gəliblər. Bu məsələnin mühüm bir aspekti geosiyasi faktorlarla bağlı olduğundan, onun üzərində dayanmağa ehtiyac görürük.

Rusiya prezidenti Tehranda jurnalistlərə bildirib ki, "Avrasiya İqtisadi İttifaqı tətbiqi müstəvidə İranla azad ticarət zonası yaratmaq imkanlarını öyrənməyə başlayacaq" (bax: Путин: Россия готова выделить госкредит Ирану на $5 млрд / ТАСС, 23 noyabr 2015). Ekspertlər bu informasiyanı dünya geosiyasətinə ciddi təsir edə biləcək faktor kimi qiymətləndirirlər. Əgər həmin ideya baş tutsa, geniş bir ərazini əhatə edən ticari məkan formalaşa bilər. Buraya Cənubi Qafqaz və Mərkəzi Asiyada yerləşən dövlətlər də daxil ola bilər. Ayrılıqda Çin və Hindistanın da həmin layihəyə isti münasibətini qeyd etmək gərəkdir.

Başqa tərəfdən, Avrasiya İqtisadi İttifaqı ilə İranın azad ticarət zonası yaratmaq planı bir növ ABŞ-la Avropa İttifaqının analoji planına alternativ kimi görünür. Məlumdur ki, Avrasiya məkanının bir sıra dövlətləri Vaşinqton və Brüsselin həmin məqsədlərinin həyata keçməsi halında ciddi ticari-iqtisadi zərər çəkə biləcəklərindən ehtiyatlanırlar. Bu sırada Türkiyəni də qeyd edə bilərik. Bu halda Ankara Moskva ilə Tehranın azad ticarət zonası yaratmaq təşəbbüsünə müsbət yanaşa bilərmi? Son təyyarə insidentindən sonra bunu proqnozlaşdırmaq çətindir. Lakin siyasətdə əbədi heç nə yoxdur.

Problemin digər aspekti enerji sahəsində Rusiya və İranın ortaq planlar qurması ilə əlaqəli görünür. Ümumilikdə tərəflər ticari əməkdaşlıq dinamikasını yüksəltmək, iqtisadi əlaqələri diversifikasiya etmək və milli valyutalardan daha çox istifadə etmək niyyətlərini gizlətməyiblər (bax: Россия и Иран ищут пути для наращивания сотрудничества / ТАСС, 23 noyabr 2015). Bu, bütün sahələri əhatə etməlidir. O cümlədən Tehran nüvə enerjisi sferasında Moskva ilə əməkdaşlığı gücləndirmək niyyətindədir. Üstəlik, qarşılıqlı əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəltmək istəyi vardır.

Bu kontekstdə iki ölkənin sənaye kooperasiyasını aktuallaşdırmaq məsələsi gündəmə gətirilib. Vladimir Putin bununla bağlı deyib ki, "həmin məqsədlə Rusiya İrana 5 milyard dollar kredit ayırmağa hazırdır" (bax: Путин: Россия готова выделить госкредит Ирану на $5 млрд / ТАСС, 23 noyabr 2015).

Bu faktların fonunda iki ölkənin təbii qaz sahəsində birgə həyata keçirmək istədikləri planlar maraq doğurur. Rusiya prezidenti bütövlükdə dünyanın bu enerji növünə olan ehtiyacının artacağından danışıb. 2040-cı ildə dünya miqyasında qazdan istifadə ildə 5 trilyon kubmetrə çatmalıdır. 2014-cü ildə bu göstərici 3,7 trilyon kubmetr olub (bax: Путин: рост темпов потребления газа в мире требует ввести в строй новые газопроводы / ТАСС, 23 noyabr 2015). O cümlədən sıxılmış təbii qazın rolu getdikcə əhəmiyyətli dərəcədə yüksələcəkdir. Bunlarla bağlı olaraq V.Putin İranla Rusiyanın ortaq layihələr reallaşdıra biləcəyini xüsusi vurğulayıb.

Təhlükəsizlik dilemması: həll yolu varmı?

Həmin sırada qaz marşrutlarının diversifikasiyasını Rusiya dövlət başçısı ayrıca qeyd edib. O, yeni kəmərlərin çəkilişindən bəhs edib, burada daha çox Şərq istiqamətinə üstünlük verməyin zəruriliyini vurğulayıb. Məsələnin bu cür qoyuluşu enerji sahəsində iki ölkə arasındakı əməkdaşlığın geosiyasi məzmun aldığını göstərir. Görünür, Moskva Qərbin himayə etdiyi enerji layihələrinə alternativ yaratmaq qərarına gəlib.

Bu zaman Moskva paralel olaraq Avrasiya məkanında iqtisadi inteqrasiyanı da gücləndirməyi düşünür. Azad ticarət zonasının yaradılması ilə yanaşı, enerji sahəsində geniş sistemli infrastruktur formalaşdırmaq məqsədi bundan xəbər verir. Maraqlıdır ki, Rusiya həmin prosesdə İrana xüsusi rol ayırır. Məsələ bundan ibarətdir ki, belə iri layihələrdə Çin faktorunu nəzərə almadan ciddi bir iş görmək çox çətin olardı. Bu mənada, Pekinin yeri və rolu məsələsi hələ açıq qalır.

Hər bir halda Moskva ilə Tehranın nəzərdə tutduqları reallaşarsa, Pekinin kənarda qalmayacağı ehtimalı yüksək olacaq. Onda geniş geosiyasi məkanda Qərbə alternativ bir əməkdaşlıq formatının meydana gəlməsi haqqında danışmaq mümkündür. Həmin kontekstdə tərəflərin terrorla mübarizədə daha sıx əlaqələr qurmaq qərarına gəlmələri vacib məqam kimi görünür.

Bu çərçivədə enerji təhlükəsizliyinin təmini haqqında da Rusiya ilə İran arasında müzakirələr aparılıb. Verilən bəyanatlardan Moskva ilə Tehran arasında bu məsələdə fikir ayrılığının olmadığı görünür (bax: məs., Путин и Хаменеи обсудили вопросы энергетического сотрудничества и ситуацию в Сирии / ТАСС, 23 noyabr 2015). İranın dini lideri Əli Xamneyi xüsusi vurğulayıb ki, Suriyada kənar təsirlər əsasında siyasi tənzimləmənin həyata keçirilməsi yolverilməzdir. Ekspertlər bu fikri Rusiya və İranın Yaxın Şərqdə əməkdaşlığı gücləndirməsinə işarə kimi şərh edirlər.

Konkret olaraq isə Suriyada bu qüvvələrin Qərblə eyni koalisiyada çıxış etməsi ehtimalının olmadığını demək olar. V.Putin Fransa prezidenti Fransua Ollandın noyabrın 26-da Moskvaya səfəri çərçivəsində aparılan danışıqlarda koalisiyadan deyil, yalnız "koordinasiyalı addımların mümkünlüyü"ndən bəhs edib (bax: "Никакой коалиции, но больше координации": СМИ о визите президента Франции в Москву / ТАСС, 26 noyabr 2015).

Fransanın "Le Figaro" qəzeti də yazıb ki, "Olland Moskvadan evə yalnız İŞİD-ə qarşı mübarizədə Rusiya və Fransa hərbi-hava qüvvələri arasında əməkdaşlığı gücləndirmək vədi almaqla qayıdıb" (bax: əvvəlki mənbəyə). Belə çıxır ki, Moskva ilə Tehran Qərbin koalisiyası ilə eyni statusda ola biləcək əməkdaşlıq qurumu yaratmaqda qərarlı olduqlarını nümayiş etdiriblər.

V.Putinin İrana səfəri zamanı dediklərinə əməl etməkdə olduğu yuxarıdakı informasiyadan aydın görünür. Bu halda isə həm enerji təhlükəsizliyinin, həm geosiyasi nüfuz uğrunda savaşın, həm də terrorla mübarizənin bütün kəskinliyi ilə davam edəcəyi qənaətinə gəlmək olar. Kremli Türkiyə səmasında vurulan qırıcı olayı da dayandırmayıb. Qərb dövlətlərindən verilən reaksiyalar da göstərir ki, onların güzəştə getmək fikirləri yoxdur.

Belə şəraitdə sual yaranır: Rusiya və İran Qərblə geosiyasi qarşıdurmayamı getmək niyyətindədirlər? Bu, Suriyada müharibənin uzanması anlamına gəlmirmi? Gətirilən suallara birmənalı cavab vermək çətindir, çünki regionda vəziyyət sürətlə dəyişir. Lakin tərəflərin bir-biri ilə mübarizəsini davam etdirməsi ehtimalı kifayət qədər yüksəkdir. Bu baxımdan, V.Putinin İrana son səfəri Moskvanın illərdir yeritdiyi xarici siyasətin məntiqi davamı kimi qiymətləndirilə bilər.

Bütün bunlarla yanaşı, mühüm bir faktoru da unutmaq olmaz. Rusiya və İranın nəzərdə tutduqlarını nə dərəcədə həyata keçirə biləcəkləri tam aydın deyil. Bunun səbəbləri sırasında Tehranın Qərb dövlətləri ilə sanksiyaların aradan qaldırılması ilə bağlı əldə etdiyi razılığı vurğulamaq olar. Eyni zamanda, Moskva ilə Tehranın Ermənistana qaz tədarükü məsələsində rəqib olduğunu xatırlamaq mümkündür.

Şübhə yoxdur ki, qədim dövlətçilik ənənəsi olan İran öz maraqlarını heç kimə, o cümlədən Rusiyaya da güzəştə getməyəcək. O, həm Qərblə əməkdaşlığın yollarını axtaracaq, həm də Ermənistanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirməyə cəhd göstərəcək. Bu halda Rusiya ilə İranın eyni cəbhədən çıxış etmək imkanlarının çox olması ilə yanaşı, bu prosesə mane ola biləcək müəyyən faktorların da mövcudluğunu inkar edə bilmərik. Bu baxımdan, onların əməkdaşlığının perspektivləri haqqında birmənalı proqnoz vermək çətindir.

Newtimes.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/387254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR