“Qərbi Abşeron” yatağı üçün yeni özül tikilir

“Qərbi Abşeron” yatağı üçün yeni özül tikilir
14:43 3 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Qərbi Abşeron” yatağında “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında yeni 10 saylı stasionar dəniz özülünün tikintisi uğurla davam etdirilir.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 10 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül həmin yataqda inşa edilən 54 saylı stasionar dəniz özülü ilə analoji xarakteristikaya malikdir. Özülün 4 dayaq bloku, 2 aralıq seksiyası “Zığ” istehsalat sahəsində, qalan 5 dayaq bloku və 7 ədəd aralıq seksiyası isə “BOS Şelf” MMC-də hazırlanıb. Blokların dənizə nəql edilərək layihə nöqtəsində quraşdırılması üçün hazırlıq işləri aparılır.
Dənizdə tikinti-quraşdırma işlərinə bu ilin sonunda başlanılması gözlənilir. Özüldə 3 min 480 kvadratmetrlik istehsalat və 600 kvadratmetrlik yaşayış sahələrinin quraşdırılması nəzərdə tutulur. Yaşayış sahəsi istehsalat sahəsi ilə hər birinin uzunluğu 45 metr olan 2 piyada körpüsü ilə birləşdiriləcək. Özül 7 yanalma və 4 minik meydançası, yaşayış bloku, müasir qazma qurğusu, avtomatik idarəetmə sistemi, bioloji təmizləmə qurğusu və digər zəruri avadanlıqlarla təchiz olunacaq. Ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcək.
Qeyd edək ki, dənizin 13,5 metr dərinliyində yerləşdiriləcək özüldən qazılacaq quyulardan sutkada ümumilikdə 70 ton neft hasil ediləcəyi proqnozlaşdırılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qerbi_Abseron_yatagi_uchun_yeni_ozul_tikilir-907865

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR