Maroş Şevçoviç: Xəzər qazının 2020-ci ilin əvvəlində Avropaya çatdırılacağına inanıram

Maroş Şevçoviç: Xəzər qazının 2020-ci ilin əvvəlində Avropaya çatdırılacağına inanıram
15:04 3 Dekabr 2015
9 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, Nihad Budaqov, AZƏRTAC
“Cənub” qaz dəhlizi layihəsi qrafikə uyğun icra olunur. Bu, hazırda inşa edilən ən iddialı layihələrdən biridir. Layihə ilə bağlı bəzi məsələlər artıq həll olunub. İnanıram ki, Xəzər qazı 2020-ci ilin əvvəlində Avropaya çatdırılacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri “EurActiv” portalına müsahibəsində Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç deyib. M.Şevçoviç qeyd edib ki, Azərbaycanın məqsədi bu dəhlizlə Türkiyə və Avropanı təbii qazla təmin etməkdir.
“Layihə ilə bağlı işlər uğurla irəliləyir. Biz gələn ilin əvvəlində “Cənub” qaz dəhlizi Məşvərət Şurasının 2-ci iclasını keçirməyi planlaşdırırıq. Bu ilin fevralında Məşvərət Şurasının ilk iclası keçirilmişdi və layihənin iştirakçısı olan ölkələr üçün böyük imkanlar yaratmışdı”, - deyə M.Şevçoviç qeyd edib.
Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu qaz boru kəməri – TANAP-ın uzunluğu təxminən 1850 kilometrdir. Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) qoşulacaq TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin bu tutumunun 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
“Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) boru kəmərinə qoşulmaqla Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, BOTAŞ - 30 faiz və bp şirkəti - 12 faiz.
 


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Maros_Sevchovich_Xezer_qazinin_2020_ci_ilin_evvelinde_Avropaya_chatdirilacagina_inaniram-907880

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR