Kamal Abdullayev: Heç kim ölkədə öz şəxsi istəklərinə uyğun qayda-qanun yarada bilməz

15:48 3 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, Əsəd Məmmədov, AZƏRTAC
Heç kim ölkədə öz şəxsi istəklərinə uyğun qayda-qanun yarada bilməz. Bu, qeyri-mümkündür. Kimsə nə vaxtsa dövlətin təməl sütunlarına toxunmaq istəyirsə ona heç vaxt güzəşt olunmayacaq.
Bu fikirləri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının və Qazılar Şurasının birgə toplantısındakı çıxışında bildirib.
Kamal Abdullayev qeyd edib ki, dövlətimizin öz gələcək strategiyasının səbatlılığını təmin etmək istiqamətində atdığı hər bir addım Azərbaycan vətəndaşlarını, o cümlədən dindarlarımızı qorumaq məqsədi daşıyır. Bu gün ölkəmizdə dinindən, dilindən, milliyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızın bir hədəfi var. Bu da azərbaycançılıq ideologiyasıdır. Bu ideologiyanın əsasını ulu öndər Heydər Əliyev qoyub. Azərbaycan xalqı böyük təcrübələrdən keçmiş bu yolun səmərəsini, bəhrəsini artıq görüb və görməkdədir. Ölkəmizdə tolerantlıq mühitinin qorunmasında Ümummilli Liderin əvəzsiz xidmətləri olub. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dövlət müşaviri ölkəmizdəki dövlət-din münasibətlərindən danışarkən qeyd edib ki, müstəqilliyini bərpa edən zaman Azərbaycanda cəmi 17 məscid var idi. Bu gün isə ölkəmizdə 2 minə yaxın məscid fəaliyyət göstərir. Azərbaycanda məzhəb problemi yoxdur, tam tolerantlıq mühiti hökm sürür.
Nardaranda baş verən hadisələrlə bağlı danışan Kamal Abdullayev əminliklə bildirib ki, bundan sonra nardaranlılar həqiqi İslam dininin əsaslarına uyğun öz fəaliyyətlərini davam etdirəcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kamal_Abdullayev_Hech_kim_olkede_oz_sexsi_isteklerine_uygun_qayda_qanun_yarada_bilmez-907908

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR