"Qərbi Abşeron" yatağı üçün yeni özül tikilir

"Qərbi Abşeron" yatağı üçün yeni özül tikilir
16:08 3 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Maksim Tsurkov - Trend:

SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Qərbi Abşeron” yatağında ''Neftqazelmitədqiqatlayihə'' İnstitutunun layihəsi əsasında yeni 10 saylı stasionar dəniz özülünün tikintisi uğurla davam etdirilir.

Trend-in SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, 10 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül həmin yataqda inşa edilən 54 saylı stasionar dəniz özülü ilə analoji xarakteristikaya malikdir. Özülün 4 dayaq bloku, 2 aralıq seksiyası “Zığ” istehsalat sahəsində, qalan 5 dayaq bloku və 7 ədəd aralıq seksiyası isə “BOS Şelf” MMC-də hazırlanıb. Blokların dənizə nəql edilərək layihə nöqtəsində quraşdırılması üçün hazırlıq işləri aparılır.

Dənizdə tikinti-quraşdırma işlərinə cari ilin sonunda başlanılması gözlənilir. Özüldə 3480 kvadrat metrlik istehsalat və 600 kvadrat metrlik yaşayış sahələrinin quraşdırılması nəzərdə tutulur. Yaşayış sahəsi istehsalat sahəsi ilə hər birinin uzunluğu 45 metr olan 2 piyada körpüsü ilə birləşdiriləcək. Özül 7 yanalma və 4 minik meydançası, yaşayış bloku, müasir qazma qurğusu, avtomatik idarəetmə sistemi, bioloji təmizləmə qurğusu və digər zəruri avadanlıqlarla təchiz olunacaq. Ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcək.

Qeyd edək ki, dənizin 13,5 metr dərinliyində yerləşdiriləcək özüldən qazılacaq quyulardan sutkada ümumilikdə 70 ton neft hasil ediləcəyi proqnozlaşdırılır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2464681.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR