Elmar Məmmədyarov: ATƏT-in təhlükəsizlik konsepsiyasının üç ölçüsünün daxili tarazlığı pozulub

Elmar Məmmədyarov: ATƏT-in təhlükəsizlik konsepsiyasının üç ölçüsünün daxili tarazlığı pozulub
16:38 3 Dekabr 2015
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ATƏT-in təhlükəsizlik konsepsiyasının üç ölçüsünün daxili tarazlığı pozulub. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belqradda ATƏT Nazirlər Şurasının 22-ci görüşündə çıxışında deyib.

Nazir qeyd edib ki, builki Nazirlər Şurası sülh və təhlükəsizliyə ciddi təhdidlərin baş verdiyi bir dövrə təsadüf edir: "Türkiyə və Fransada törədilmiş son terror aktları, iştirakçı dövlətlərin ərazilərinin hərbi işğalı və daimi məcburi köçkün və qaçqınlar böhranı təhlükəsizliyimizə təhdid olmaqda davam edir. Yekun Aktın 40 illiyini qeyd etdiyimiz bir zamanda ATƏT-in fəaliyyətinin gücləndirilməsi üçün ATƏT-in prinsiplərinin bir daha təsdiq edilməsindən daha çox, iştirakçı dövlətlərin öhdəliklərə əməl etməsini təmin edəcək praktik ölçülərin müəyyənləşdirilməsinə ehtiyac olması barədə ümumi yanaşma var. Fikrimizcə, bəzilərinin bəyan etdiyinin əksinə olaraq, prinsiplər arasında hər hansı ziddiyyət və ya daxili münaqişə yoxdur. Yekun Aktın tərtib edilməsi tarixinə nəzər salsaq, Avropa qitəsində sülhün qorunub saxlanılmasına dair müfəssəl təhlükəsizlik konsepsiyasının özəyi kimi, iştirakçı dövlətlər arasında ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin güc tətbiq etmək və ya təhdid etməklə pozulmasından çəkinməyə dair öhdəlik götürülməsinə ehtiyac olması barədə tam konsensus olmuşdur. Bu, Yekun Aktın əsas gücü olmaqda da davam edir".

E.Məmmədyarov bildirib ki, hazırda ATƏT-in müfəssəl təhlükəsizlik konsepsiyasının üç ölçüsünün daxili tarazlığı pozulub: "İnsan hüquqları ölçüsünün təzyiq aləti kimi yanlış istifadəsinə cəhdlər ATƏT daxilində etimad böhranını yalnız dərinləşdirib. Müvafiq mandatların pozulması və ATƏT-in icraedici strukturlarının fəaliyyətində ciddi çatışmazlığın inkarı onların müqabil olmasını sual altına qoyur. İştirakçı dövlət icraedici struktur tərəfindən mandatın ciddi şəkildə pozulmasına dair xəbərdarlıq edirsə, bu məsələ nəzərdən keçirilməli və ATƏT-in maraqları çərçivəsində nizamlanmalıdır".

Xarici işlər naziri bu kontekstdə, diqqəti iştirakçı dövlətin seçkilərlə bağlı yardım tipli əməkdaşlıq xahişinə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun imtinası nəticəsində yaranmış spesifik vəziyyətə çəkib: "ATƏT-in qurumu tərəfindən mandatının pozulması DTİHB ilə gələcək əməkdaşlığımızın perspektivlərinə mənfi təsir göstərməyə bilməz. Bununla əlaqədar, əminik ki, bu vəziyyət araşdırılmalı və bu kimi insidentlərin gələcəkdə yenidən baş verməsinin qarşısının alınması üçün müvafiq prosedurlar yerinə yetirilməlidir. Mən Nazirlər Şurasını nümayəndəliyimiz tərəfindən irəli sürülmüş təklifi əsaslı nəzərdən keçirməyə çağırıram".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2464752.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR