​NATO daha çox siyasətlə məşğul olur və gecikir

16:52 3 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+

Alyans hərbi-siyasi təşkilat olduğundan onun dünyadakı məsələyə münasibəti az əhəmiyyət daşımır. Türkiyə həm NATO üzvü, həm də sərhəddi pozan təyyarənin vurulmasınadək Rusiya ilə ən yaxın iqtisadi-ticari müttəfiq idi.
NATO-Rusiya Şurası da Ukraynaya yönəlik siyasətinə görə praktiki olaraq fəaliyyətini dayandırıb, yeni üzvlərin qəbulu həmişəki kimi gündəlikdədir, münaqişə bölgələrinə yardım və s. məsələlər müzakirə olunan mövzulardır.
Ona görə də NATO-nun qəbul etdiyi qərarların bəzilərini xatırlatmaq istərdik.
NATO Rusiyanın alyansa üzv dövlətlərin sərhədi boyu Hava Hücumundan Müdafiə sistemləri yerləşdirməsindən narahatdır. Qurumun baş katibi Yens Stoltenberq deyib ki, Suriya və Aralıq dənizinin şərq hissəsində, Krımda, Baltik ölkələrinin yaxınlığında, Kalininqradda oxşar hadisəni müşahidə edirlər.
Bu baxımdan Brüssel görüşündə Avropada hərbi fəallığın şəffaflığının artırılması mexanizmi, gərginlik riskinin və ya Rusiya ilə münasibətdə olayların azalması məsələləri müzakirə edilib.
Rusiyadan gələn təhlükədən qorunmaq üçün NATO-nun sərhədləri boyu alternativ tədbirlər həyat keçirəcəyi istisna edilmir. Müdafiə və təhlükəsizlik sahələrinə daha çox vəsait yönəldiləcəyi barədə bəyanatlar bunun ilkin göstəriciləri sayıla bilər.
Moskvanın etirazlarına baxmayaraq, NATO sıralarını genişləndirməkdədir. Bu toplantıda Monteneqronun alyansa 29-cu üzv olması istiqamətində danışıqlara başlanmasına dair qərar qəbul edilib.
Baş katib deyib ki, bu qərar Qərbi Balkan regionunun avroatlantik məkana inteqrasiyası üçün vacib addımdır.
NATO İraq, Yəmən, Tunis və Liviyadan olanlara hərbi təlimlər keçəcək. Bundan başqa, Əfqanıstanda "Qətiyyətli Dəstək Missiyası" layihəsinin davam etdirilməsi haqda qərar qəbul olunub.
Yeri gəlmişkən, Azərbaycan da bu layihənin fəal iştirakçılarındandır. Xarici işlər naziri Elmar Məmmədyarov toplantıdakı çıxışında 2016-cı ildə də Azərbaycanın bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini bildirib.
Heç şübhəsiz, NATO-nun Türkiyəyə münasibəti diqqəti daha çox cəlb edib. Qurumun baş katibi Yens Stoltenberq bildirib ki, Türkiyənin hava məkanının qorunması üçün təyyarələr, Hava Hücumundan Müdafiə sistemləri, hərbi gəmilərlə yardım ediləcək.
NATO-nun sərhədini pozduğu üçün Rusiya təyyarəsinin Türkiyədə vurulması son dövrlərin ilk hadisəsidir. Odur ki, alyans yardımı ilə yalnız türk dövlətinin deyil, həm də öz sərhədinin müdaifəsi qayğısına qalır.
Diplomatların bu iclası qurumun gələcək fəaliyyətinin perspektivləri haqda da müəyyən mülahizələr yürütməyə əsas verir:
- NATO münaqişə bölgələrində birbaşa iştirakdan çəkinir (Liviya, Tunis, Yəmən, İraq, Əfqanıstandan olanlara təlim veriləcəyi bunu təsdiqləyir);
- Ötən illərdə üzv dövlətlər alyansa maliyyə yardımını azaldılması ilə bağlı bəyanatlar vermiş, bu yöndə addımlar belə atmışdı. Ancaq Ukraynada baş verənlər, Türkiyə sərhədinin pozulması, Rusiyanın NATO sərhədləri yaxınlığında güclənməsi qurumu təhlükəsizlik məsələsinə diqqəti artırmağa vadar edib. Ona görə də bu istiqamətdə növbəti illərdə maliyyə yardımlarının artırılacağı istisna edilmir;
- Bir neçə il öncə NATO-nun toplantısında enerji qaynaqları olan ərazilərdə yaranan böhranlara müdaxilə məsələsindən danışılmışdı. Bu baxımdan üzv dövlətlərdə enerji böhranının qarşısının alınması üçün tədbirlərin görüləcəyi gözlənilir;
- Üzv olmayan dövlətlərlə NATO Fərdi Əməkdaşlıq Proqramını davam etdirir və s.
Bu ilin noyabrında Türkiyənin Antalya şəhərində keçirilən "Böyük 20"liyin toplantısında ABŞ prezidenti Barak Obama Suriyaya 50 minlik quru qoşunu göndərməyə güclərinin çatdığını, ancaq keçmişdə baş verənlərə görə bunu etməyəcəklərini bildirmişdi. Bu baxımdan Əfqanıstan və İraqdan sonra NATO münaqişə bölgələrinə həm münasibət bildirməkdə, həm də tərəflərdən birinə əməli yardım etməkdə daha ehtiyatlı davranır. Yaxud da siyasi bir qurum olaraq fəal şəkildə ədalətli hakim rolunu oynamaqda bir az gecikir. Alyans daha çox siyasətlə məşğul olmağa başlayıb. Son illərdə münaqişə bölgələrində iştirakı onun nüfuzuna təsirsiz ötüşməyib. Bu siyasi-hərbi qurum nüfuzunu qoruyub artırmaq üçün bir az "ağır" davranır. Ona görə də təbii olaraq belə bir sual da yaranır: Yoxsa aparıcı güclər yeni hərbi birlik yaratmaq istəyir?!

Xəbərin orijinal ünvanı: http://report.az/analitika/nato-daha-cox-siyasetle-mesgul-olur-ve-gecikir-serh

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR