Deputat: Bəzi qüvvələr islam dini kimi mənəvi dəyərdən sui-istifadə edirlər

Deputat: Bəzi qüvvələr islam dini kimi mənəvi dəyərdən sui-istifadə edirlər
16:53 3 Dekabr 2015
49 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elmir Murad - Trend:

Son dövrlər dini ekstremizm hətta terrordan da artıq bəlaya çevrilib. Bunu Trend-ə Milli Məclisin deputatı Rafael Cəbrayılov Nardarandakı hadisələri şərh edərkən deyib.

Onun sözlərinə görə, milliyyətindən asılı olmayaraq, hər bir xalqın mənəvi dəyərlər sistemində dinin mühüm, özünə məxsus yeri var.

R.Cəbrayılov Nardaran camaatının islam dinini Azərbaycan dövlətçiliyinin fövqündə qoyduğuna inanmadığını deyib: “Yadınızdadırsa, ulu öndər Heydər Əliyev deyirdi ki, islam dini Azərbaycan xalqının ən mühüm mənəvi dəyərlərindən biridir. Dövlətçiliyin ən çətin məqamlarında Bakı ilə bir yerdə Nardaran camaatı da birmənalı şəkildə öz mövqeyini ortaya qoymuşdu. Ümummilli lider Heydər Əliyevin Bakıya dəvət olunması zamanı bütün Bakı ilə bərabər Nardaran camaatı da dövlətçiliyimizə dəstək verdi”.

R.Cəbrayılov vurğulayıb ki, sadəcə bu gün bəzi qüvvələr islam dini kimi çox mühüm, həssas mənəvi dəyərdən sui-istifadə edirlər.

Millət vəkili hesab edir ki, Nardaranda aranı qarışdıran qüvvələr olub və çox qısa zamanda Nardaran camaatı yenə də əvvəlki həyat tərzinə qayıdacaq: “Mən inanmıram ki, Naradaran camaatı dövlət bayrağını endirib, onun əvəzinə hansısa bir dini bayrağı qaldırsın. Bizim qanunvericilik dini bayrağın qaldırılmasını qadağan etmir, amma bu, dövlət bayrağının endirilməsi hesabına ola bilməz. Bu, ayrı-ayrı insanların əməlləri, orada dini ekstremist qüvvələrin atdığı addımlar idi. O insanların əməlləri cinayət idi və cəzalarını da alacaqlar”.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2464749.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR