Xaçmaz Əlillərin Regional Bərpa Mərkəzində kompleks reabilitasiya xidməti göstərilir

Xaçmaz Əlillərin Regional Bərpa Mərkəzində kompleks reabilitasiya xidməti göstərilir
16:53 3 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Xaçmaz, 3 dekabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Əlillərin Regional Bərpa Mərkəzində bu il 219 əlilin kompleks tibbi-sosial reabilitasiyası həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, mərkəzdə şimal bölgəsində yaşayan 16 yaşdan yuxarı bütün kateqoriyalardan olan əlillərə xidmət göstərilir. Mərkəzə qəbul tibbi-sosial ekspert komissiyalarının, müalicə-profilaktika müəssisələrinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişlərinə əsasən aparılır.
Sağlamlıq imkanları məhdud şəxslərin fizioterapevtik vasitələrlə reabilitasiyasını həyata keçirən 14 çarpayılıq regional müalicə müəssisəsində xəstələr stasionar və ambulator müalicə alırlar. İxtisaslı həkim və tibb personalının fəaliyyət göstərdiyi mərkəzdə müayinə və prosedur otaqları var. Burada müalicə alan əlillər elektrik və işıqla müalicə kabinələri, o cümlədən ultrasəslə massaj, qısa dalğa diotermiya, mikrodalğa, infraqırmızı, elektrostimulyasiya, habelə hidroterapiya kabinələri (müxtəlif tipli duşlar, müalicəvi vannalar), parafin applikasiyası və fərdi masaj otaqlarından, habelə idman zalından yaralanırlar.
Mərkəzin baş həkimi Roza Hüseynova AZƏRTAC-a müsahibəsində bildirib ki, regional müəssisə Xaçmaz və ətraf rayonlarda yaşayan əlillərə kompleks tibbi-sosial reabilitasiya xidməti göstərməklə, onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyasında əhəmiyyətli rol oynayır. Mərkəz əlillərin tibbi, sosial, peşə diaqnostikası və reabilitasiyası, xəstəlikləri, yaş və sağlamlıqları nəzərə alınmaqla dietik və rasional qidalanmasının təşkili, mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi, onlarda gigiyenik vərdişlərin aşılanması, sağlam həyat tərzinin təbliği istiqamətində işlər görür. Müəssisədə məlumat bankı yaradılır, bərpa müalicəsi alanların reabilitasiyasında müasir metodika və texnologiyalardan istifadə edilir.
Mərkəzdə stasionar müalicə alanlar pulsuz isti yeməklə təmin olunurlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xachmaz_Alillerin_Regional_Berpa_Merkezinde_kompleks_reabilitasiya_xidmeti_gosterilir-907951

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR