58 dəqiqəlik çıxışın hökmü - Kremldən qeydlər

58 dəqiqəlik çıxışın hökmü - Kremldən qeydlər
17:49 3 Dekabr 2015
74 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin Kreml Dövlət Sarayının Georgiyevsk zalında Federal Məclisə illik müraciətini etdi.

1000 nəfərdən çox qonağın, 600-ə yaxın KİV nümayəndəsinin iştirak etdiyi tədbir Putinin Türkiyə rəhbərliyinin əleyhinə səsləndirdiyi növbəti bəyanatlarla, beynəlxalq terrorçuluğa qarşı Rusiyanın yürütdüyü siyasətə dair açıqlamalarla yadda qaldı.

Putin müraciət başlamazdan əvvəl Kreml sarayının “Malaxitovıy Zalı”nda jurnalistlərin tədbirə qatılan yüksək çinli dövlət məmurları, Rusiya parlamentinin senator və deputatları, tanınmış siyasətçilərlə görüşüb-danışmaq imkanı oldu.

Rusiya prezidentinin Federal Məclisə illik müraciətini işıqlandırmaq üçün Azərbaycan KİV-indən ancaq APA dəvət olunmuşdu.

 

58 dəqiqəlik çıxış

 

Saat 12:00-da Vladimir Putin illik müraciətinə başladı. Hamının da gözlədiyi kimi müraciətin əsas hissəsi son günlərin ən aktual mövzusu olan beynəlxalq terrorçuluqla mübarizə və Türkiyənin vurduğu Su-24 bombardımançı təyyarəsinə həsr olunmuşdu.

Rusiya prezidenti çıxışına terrorizmlə mübarizə aparan hərbi qulluqçulara minnətdarlıqla başladı. Zalda Suriyada həlak olan hərbçilərin qohumlarının olduğunu bildirən Vladimir Putin qonaqlardan onların xatirəsini bir dəqiqəlik sükutla yad etməyə xahiş etdi: “Suriyada bizim silahlı qüvvələrimiz hər şeydən əvvəl Rusiya üçün vuruşur. Ona görə dəSuriyada olan terrorçular bizim ölkə üçün xüsusi təhlükə daşıyır. Bu səbəbdən də, biz təhlükənin qarşısını almağa və terrorçuları məhv etməyə məcburuq”.

Rusiya prezidenti Türkiyə rəhbərliyinin hansı  səbəblə Su 24-ü vurması ilə bağlı qərarını hələ də anlamadığını qeyd etdi: “Mən başa düşə bilmirəm ki, niyə görə Türkiyə bu addımı atdı. Biz onlarla regional təhlükəsizliyə dair bir çox həssas məsələlərdə əməkdaşlıq etməyə və təmaslara hazır idik. Onlar niyə belə ediblər, bunu ancaq Allah bilir. Görünür, Allah Türkiyənin hakim elitasının ağlını başından alaraq onları cəzalandırmağı qərar verib”.

Vladimir Putin ölkəsinin Türkiyəyə cavab olaraq düşünülmüş və konstruktiv addımlar atacağını söylədi: “Bütün dünya bizdən təhlükəli ola biləcək isterik reaksiyalar gözləməsin”.

Günün ən məşhur ifadəsi: Türkiyə canını pomidorla qurtara bilməyəcək

Rusiya prezidenti Türkiyə ilə yaxın perspektivdə hansısa əlaqələrin bərpasından söhbət belə gedə bilməyəcəyini vurğuladı: “Əgər Türkiyə hakimiyyəti düşünürsə ki, belə alçaq cinayət törədib canlarını pomidorla, tikintidə, yaxud digər sahədəki işlərin həcmini azaltmaqla qurtaracaqlar, çox böyük səhv edirlər. Onlar dərindən yanılırlar. Rusiya Türkiyəyə nə elədiyini hələ çox xatırladacaq. Türkiyə buna görə çox peşman olacaq. Biz bilirik, onlara nə etmək lazımdır”.

Putinin illik müraciətindəki digər tezislər isə ölkənin daxili auditoriyasına hesablanmışdı. Ölkə iqtisadiyyatındakı vəziyyət, müxtəlif sahələrdə aparılan islahatlar və s səpkidə olan çıxışlarda prezident Rusiyanın iqtisadiyyatında mövcud durumun mürəkkəb olduğunu, amma kritik olmadığını vurğuladı.

Çıxışlar bitdikdən sonra jurnalistlər prezidentin çıxışını izləyən dövlət nümayəndələrindən, siyasətçilərdən və parlamentarilərdən illik müraciətlə bağlı onların təəssüratlarını öyrənirdilər.

 

Ekspertlər üçün əsas tezis Vladimir Putinin “Türkiyə canını pomidorla qurtara bilməyəcək” ifadəsi idi...

 

Liberal demokratların lideri Vladimir Jirinovski yenə öz ampluasında idi, Ərdoğanı asıb-kəsirdi, Türkiyəni də bir neçə hissəyə bölüb, qonşularına paylamışdı. Ədalətli Rusiya Partiyasının lideri Sergey Mironov da ondan geri qalmırdı. Bircə kommunistlərin lideri Gennadi Zyuqanov müdriklik göstərib Rusiya-Türkiyə münasibətlərinin pisləşməsindən təəssüf hissi keçirdiyini söyləyirdi. Rəsmi şəxslər isə parlamentarilərdən fərqli olaraq dövlət başçısının dilindəki sərt ifadələrdən yola çıxaraq ancaq Türkiyə hakimiyyətinə qarşı olduqlarını, Türkiyə xalqının onlarla dost olduqlarına əminliklərini vurğulayırdılar.

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223833

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR