Bərdədə aşkarlanmış mənşəyi məlum olmayan ətin istifadəyə yararsızlığı təsdiqlənib

19:38 3 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə ərazisində epizootoloji sabitliyin saxlanması və əhalinin təhlükəli yoluxucu xəstəliklərdən və qida zəhərlənmələrindən qorunması istiqamətində fəaliyyətini davam etdirir.
DBNX-nin mətbuat katibi Yolçu Həsənov AZƏRTAC-a bildirib ki, dekabrın 1-də qurumun mütəxəssislərinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin karantin-polis taborunun əməkdaşları ilə birgə keçirdiyi reyd zamanı Bərdə rayonu S.Vurğun küçəsi, 9 nömrəli evin sakini Seyfəddin Novruzova məxsus həyətdə dövlət baytarlıq qeydiyyatında olmayan iki soyuducu kamerada mənşəyi bilinməyən, qida üçün yararlığı şübhə doğuran çəkisi 20 tona yaxın dondurulmuş heyvan cəmdəkləri aşkarlanmışdı.
Heyvan cəmdəklərinə baxış keçirilərkən onların mənşəyinin məlum olmadığı, orqanoleptik göstəricilərinin standartlara cavab vermədiyi müəyyənləşdirilib. Onlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına təqdim edilib.
Laboratoriyaya göndərilən nümunələrdə bakterioloji, mikroskopik və kimya-toksikoloji müayinələr aparılıb. Bakterioloji müayinə zamanı nümunələrdə çirklənmə, salmonella və eşerixa koli (escherichia coli) xəstəliklərinin törədicisi müəyyən olunub. Biokimyəvi müayinə zamanı isə yoxlanılan nümunələrin keyfiyyətsiz, eləcə də əksəriyyəti ölmüş və aqoniya vəziyyətində kəsilmiş heyvanların əti olduğu təsdiqlənib.
Aparılan müayinələrin nəticəsinə əsasən yoxlanılan ət nümunələri qida üçün yararsız olduğu və baytarlıq-sanitariya tələblərinə cavab vermədiyi üçün onun zərərsizləşdirilməsi qərara alınıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Berdede_askarlanmis_menseyi_melum_olmayan_etin_istifadeye_yararsizligi_tesdiqlenib-908046

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR