Azərbaycan XİN başçısı Fransanın Avropa məsələləri üzrə dövlət naziri ilə görüşüb

Azərbaycan XİN başçısı Fransanın Avropa məsələləri üzrə dövlət naziri ilə görüşüb
19:47 3 Dekabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belqradda keçirilən ATƏT Nazirlər Şurasının 22-ci iclası çərçivəsində Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desirlə görüşüb.
XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və Fransa arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin davamlı şəkildə inkişafından məmnunluq ifadə olunub.
Nazir Elmar Məmmədyarov Azərbaycanın Fransa ilə əməkdaşlığının inkişafında Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili, UNESCO/İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi rolunu diqqətə çatdırıb.
Görüş əsnasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesinə dair fikir mübadiləsi aparılıb.
Harlem Desir Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin sülh yolu həllinin tərəfdarı olduğunu qeyd edərək, ölkəsinin bu xüsusda səylərini davam etdirəcəyini bildirib.
Nazir Elmar Məmmədyarov Azərbaycanın Fransanın münaqişənin həlli istiqamətində olan səylərini alqışladığını qeyd edib. Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə 2014-cü ilin noyabrında ATƏT Minsk qrupunun digər həmsədr dövlətlərinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçirilmiş görüşünü xatırladıb.
Paris görüşündə müzakirə olunan məsələlərin, xüsusilə Hərtərəfli Sülh Sazişinin hazırlanması istiqamətində konstruktiv addımlar atmaq əvəzinə Ermənistanın təxribatçı məqsədlərlə görüşdən dərhal sonra Azərbaycanın işğal olunmuş ərazilərində genişmiqyaslı hərbi təlim keçirdiyini və məlum helikopter insidentinin baş verməsinə rəvac verdiyini vurğulayıb. O, həmçinin prezidentlərin Paris görüşündə Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsi və DNT bazasının yaradılmasına dair razılığın əldə olunmasına diqqəti çəkərək, Ermənistanın təcavüzü nəticəsində 4 000-dən artıq azərbaycanlının hələ də itkin düşmüş şəxs statusunda olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/azerbaycan-xi-n-bascisi-fransanin-avropa-meseleleri

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR