Əlillər onlara göstərilən diqqət və qayğıdan razılıq edirlər

Əlillər onlara göstərilən diqqət və qayğıdan razılıq edirlər
21:23 3 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+


Lənkəran, 3 dekabr, Bağır Əliyev, AZƏRTAC
Beynəlxalq Əlillər Günü ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da geniş qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirin iştirakçıları əvvəlcə Mərkəzin foyesində əlillərin əl işlərindən ibarət sərgiyə baxıblar.
Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini İlkin Rəhimov ölkəmizdə əlil vətəndaşlara göstərilən diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə sağlamlığını itirənlərin, Böyük Vətən müharibəsi, 20 Yanvar, Qarabağ müharibəsi, Çernobl əlillərinin, fiziki cəhətdən əlilliyi olan insanların sosial qayğıları ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir.
Bildirilib ki, Lənkəranda 2006-cı ildə Əlillərin Bərpa Mərkəzi fəaliyyətə başlayıb, 90 nəfər əlil mənzillə təmin olunub, 10 nəfər əlil üçün isə fərdi yaşayış evi tikilərək istifadəyə verilib.
Lənkəran Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Maarif Bayramov məlumat verib ki, hazırda Lənkəranda fiziki sağlamlığını itirən 14 min 107 vətəndaş var. Onlardan bir qismi ünvanlı sosial yardım, digər qismi isə əmək pensiyası alır. Əlillərdən 5 nəfəri sağlamlıq imkanları məhdud gənclərin peşə-reabilitasiya mərkəzinə göndərilib, 9 nəfərə xüsusi nəqliyyat vasitəsi verilib, bayramla əlaqədar 221 nəfərə yardım göstərilib.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən bir qrup əlilə maddi yardım edilib, Qızıl Aypara Cəmiyyətinin Lənkəran rayon bölməsi tərəfindən birinci qrup əlil Nəsirov Mahir Sayad oğluna əlil arabası verilib.
Əlillər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
X X X

Lerikdə əlillərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev ölkəmizin hər yerində olduğu kimi, rayonda da əlillərə göstərilən diqqət və qayğıdan danışıb.
Bu kateqoriyadan olan vətəndaşların pensiya və müavinətlərinin məbləğlərinin mütəmadi olaraq artırılması, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mütəmadi tədbirlər görüldüyünü bildirən C.Baxşıyev Lerikdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün hər biri 16 mənzilli iki yaşayış binasının, fərdi evlərin tikildiyini, eyni zamanda onlara minik avtomobillərinin verildiyini diqqətə çatdırıb.
Qarabağ müharibəsi əlilləri Cəlal Məmiyev, Zeynal Aslanov, Bulud Əliyev və digərləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Son günlər ayrı-ayrı təxribatçı ünsürlər tərəfindən törədilmiş qanunazidd əməlləri pisləyən əlillər Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, işğal altındakı ərazilərin azad edilməsi uğrunda hər an mübarizəyə qalxmağa hazır olduğunu vurğulayıblar.
Görüşdə, həmçinin əlillərin sosial problemlərinin həlli istiqamətində bir sıra təkliflər irəli sürülüb.
Tədbirin sonunda əlillərin bir qrupuna hədiyyələr verilib.
X X X
Beynəlxalq Əlillər Günü ilə bağlı Yardımlıda keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov əlillərin sosial müdafiəyə, mənəvi dəstəyə daha çox ehtiyac duyan insanlar olduğunu vurğulayıb.
Qeyd olunub ki, ölkəmizdə əlillərin bir qismi İkinci Dünya müharibəsində, digər qismi Çernobl hadisəsi və Qarabağ müharibəsi zamanı, o cümlədən erməni daşnakları tərəfindən törədilmiş soyqırımı və terror aktları nəticəsində sağlamlığını itirən insanlardır. Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Yardımlıda 35 Qarabağ müharibəsi əlilinə və 3 şəhid ailəsinə ev verilib.
Tədbirin sonunda əlillərə hədiyyələr təqdim olunub, maddi yardımlar edilib.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Aliller_onlara_gosterilen_diqqet_ve_qaygidan_raziliq_edirler-908087

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR