Yağan güclü qar yolları bağladı

Yağan güclü qar yolları bağladı
23:26 3 Dekabr 2015
90 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın şimal bölgəsinə yağan qar ciddi fəsadlara yol açıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Qubaya yağan güclü qar rayonun Yerfi, Talış və Dərk kəndlərinə gedən yolları bağlayıb.

Sakinlərin verdiyi məlumata görə, hazırda həmin kəndlərdə qarın hündürlüyü 60 sm-i keçib. Qar yağmaqda davam edir.

Yerfi kəndində 55, Talış kəndində 25 və Dərk kəndində isə 30 yaşayış evi var. Qubanın digər yerlərində, Qarxun, Adur, Buduq, Qrız və Xınalıq kəndlərində qarın qalınlığı 40-sm-ə qədər qalxıb. Xınalıq kəndinə gedən yol bağlıdır.

Dağlıq ərazilərdə olan 10-dan çox kənddə elektrik enerjisinin verilişi dayandırılıb.

Bundan başqa, qar Quba-Xınalıq yolunu bağlayıb. Nəqliyyat Nazirliyinin 6 saylı Yol İstismar İdarəsi əməkdaşlarının ərazidə xidmət edən işçi qrupu və texnikasının yolun açılması işlərinə səhər saatlarında başlayacağı bildirilir.

Hazırda Quba rayonunun Cek kəndinə avtomobillər çətinliklə də olsa gedir. Həmin kənddən yuxarıda isə yol tamamilə bağlanıb.

Bu gün saat 11 radələrindən şimal rayonlarına qar yağmağa başlayıb.

ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qubadakı ərazi hidrometeorologiya müəssisəsindən aldığı xəbərə görə, rayonun əsasən dağ kəndlərinə qar yağmağa başlayıb. Hazırda Qusarın Ləzə, Qubanın Xınalıq, Qrız kəndlərinə güclü qar yağır. 2 gün əvvəl Qubanın Xınalıq kəndində güclü qasırğa müşahıdə olunub. Qasırğadan sonra isə qar yağacağı ilə bağlı səsələnən proqnoz özünü doğrultdu. Hazırda şimal bölgəsinə qar yağması davam edir.

ANS PRESS-in Qərb bürosu da xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq, Daşkəsən, Gədəbəy və Tovuz rayonlarına da güclü qar yağıb. Gəncədə isə günorta saatlarından intensivləşməyə başlayan qar, sulu qarla müşahidə olunur. Dağlıq və dağətəyi bölgələrdə isə yağıntının miqdarı daha çoxdur. Hələlik təbiət hadisəsinin hər hansı fəsada yol açması barədə məlumat yoxdur.



ANS PRESS xəbər verir ki, şimal-qərb bölgəsinə də qar yağıb. Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşən İsmayıllı- Balakən zonasına səhər saatlarından yağan ilk qar havanın da kəskin şəkildə soyumasına səbəb olub. Yüksək dağ kəndlərində havanın temperaturu 5-10 dərəcə aşağı enib. Bölgədə ən çox qar Qax rayonunun dağ kəndləri olan İlisu və Sarıbaş kəndlərinə düşüb. Səhər saatlarından yağmağa başlayan qar İlisuya gedən avtomobil yolunu örtsə də kəndə gediş-gəliş məhdudlaşmayıb.Sürücülər avtomobillərinin qışa əvvəlcədən hazırladıqlarını deyiblər. Rayon sakinləri isə, ilk qarın ruzi-bərəkət olduğunu söyləyirlər.

İlisu kənd sakinləri, ANS PRESS-ə bu ərazinin dəniz səviyyəsindən yüksək olduğunu, tarixən hələ qış gəlməmiş bu yerlərə qarın düşdüyünü, ona görə də onların vaxtında qış tədarüklərini gördüklərini bildiriblər. Hal-hazırda yüksək dağlıq ərazilərdəki kəndlər ağ örpəyə bürünüb. Qaxın İlisu kəndində qarın qalınlığı 10, Sarıbaş kəndində isə 20 sm-dən artıqdır.



Ərazi hidrometeorologiya idarəsindən ANS PRESS-ə verilən məlumata görə, bir ay əvvəl Böyük Qafqaz dağlarının cənub ətəklərinə qar düşsə də, yaşayış məntəqələrinə ilk qar bu gecə yağıb. Sulu qar bir neçə saatdan sonra qara çevrilib, havanın temperaturu isə 3-5 dərəcəyə enib. Sinoptiklər bu cür qarlı havanın hələ bir neçə gün davam edəcəyini proqnozlaşdırırılar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, Bakıda və Abşeron yarımadasında da bu gündən başlayaraq, dekabrın 6-dək havaların qeyri-sabit keçəcəyi, arabir yağıntılı, ayrı-ayrı yerlərdə intensiv olacağı barədə xəbərdarlıq edib. Dekabrın 4-də gecə və səhər yarımadanın bəzi yerlərində yağışın sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcək.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=366380

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR