Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

81 nəfərin pulunu mənimsəyən bankirin villasından REPORTAJ - FOTO

81 nəfərin pulunu mənimsəyən bankirin villasından REPORTAJ - FOTO

Date: 3 December 2015 23:52

"Texnikabank" ASC-nin Bakı filialının müdiri Zal Yusifovun 81 nəfərə külli miqdarda ziyan vurması ilə bağlı məhkəmə prosesi davam edir. Teleqraf.com xəbər verir ki, "Texnikabank"ın Bakı filialının sabiq rəhbəri Zal Yusifov digər şəxslərlə birlikdə cinayət əməli törədib. O, 81 müştərinin banka qoyduğu təxminən 38 milyon manat pulu mənimsəyib.     

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi üzrə təqsirləndirilən 14 nəfər müxtəlif müddətlərə cəzalandırılıb. Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov dələduzluq əməllərinə oğlu İslam Yusifovu da cəlb edib. İslam Yusifov dələduzluq əməllərinin birbaşa iştirakçısı olub. Buna görə də məhkəmənin hökmü ilə İslam Yusifov 8 il müddətinə azadlıqdan məhrum edilib. 

Hökmdən narazı şəxslər apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov şikayəti təmin etməyib. Məhkəmə belə nəticəyə gəlib ki, "Humay" şadlıq sarayı və ona məxsus başqa bir ev Zal Yusifova məxsusdur. Belə olan halda həmin mülklərin satılması və zərərçəkmişlərə dəymiş ziyan ödənilməlidir. 

Bundan sonra Zal Yusifovun atası Zakir Yusifov meydana çıxır və o, iddia edir ki, həmin mülklər oğluna yox, onun özünə məxsusdur. Bu iddia ilə Zakir Yusifov məhkəmədə əmlakların ona məxsus olmasını sübut edə bilməsə də, Ali Məhkəmədə apelyasiya instansiyasının qərarını iki dəfə ləğv etdirməyə nail olub. 

Ayrı-ayrı şəxslərdən pul götürərkən Zal Yusifov həmin mülkləri notarial qaydada etibarnamə ilə onların adına keçirib. Əlimizdə bunu təsdiq edən sənədlər var. 
Maralı bir məqam ondan ibarətdir ki, Zal Yusifov həbs olunmamışdan 1 il öncə 18 yaşlı oğlu İslam Yusifova möhtəşəm toy edib. Həmin toyun səsi o qədər əks-səda doğurub ki, heç nazirlər övladlarına belə bir toy etməyiblər. 

Zal Yusifov atasının yaşadığı evin həyətində iki blokdan ibarət 4 mərtəbəli imarət tikdirib. Məlumata görə, həmin evin bir blokunu oğluna toy hədiyyəsi edəcəkmiş, digər blokda yerləşən mənzilləri isə atası və qardaşlarına bağışlayacaqmış.

Bildirirlər ki, 2 bloklu binanın tikintisini Zal Yusifov 2007-ci ildə aparıb. Bunu Rəsulzadə qəsəbəsində uzun illərdir yaşayan insanlar da təsdiq edir. Amma nə istintaq dövründə, nə də məhkəmə araşdırması zamanı Zal Yusifovun bu imarətinin üzərinə həbs qoyulmayıb. Baxmayaraq ki, həmin dəbdəbəli binanın Zal Yusifova məxsus olmasını sübut edən yüzlərlə şahid var. İllərlə həmin ərazidə yaşayan insanlar həmin binanın Zal Yusifova məxsus olmasını təsdiq edirlər. 

Biz həmin ərazidə olduğumuz zaman bir neçə nəfərlə söhbət edəndə həmin binanın kimə məxsus olması ilə maraqlandıq. Bildirdilər ki, həmin bina həbsdə olan bankir Zal Yusifova məxsusdur...

Qeyd edək ki, dekabr ayının ilk 10 günlüyündə Zakir Yusifovun şikayəti əsasında Zal Yusifovun əmlaklarının müsadirə olunması ilə bağlı yenidən məhkəmə prosesi başlayacaq. Bakı Apelyasiya Məhkəməsində, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilməsi nəzərdə tutulan prosesdə zərərçəkənlərin vəkilləri tərəfindən Zal Yusifovun tikdirdiyi həmin iki blokdan ibarət 4 mərtəbəli binanın da üzərinə həbs qoyulması ilə bağlı vəsatətin verilməsi gözlənilir.

Bundan başqa, daha bir maraqlı fakt ondan ibarətdir ki, Zal Yusifov aldatdığı vətəndaşları "Humay" şadlıq sarayında qəbul edib. Onlara özünü geniş imkanlı iş adamı kimi təqdim edərək, pulları toplayıb. Ağır Cinayətlər Məhkəməsində ifadə verən zərərçəkənlər bildiriblər ki, onlar öz pullarını Zal Yusifova yalnız bankir olduğu üçün yox, iş adamı, əlində bir şadlıq evi və onlarla əmlakların olduğu imkanlı bir şəxs hesab etdikləri üçün veriblər.  

Qeyd edək ki, Zal Yusifovun əmlakları məhkəmənin qərarı ilə müsadirə olunaraq hərraca çıxarılmasına yönəldilib. Artıq bir neçə ay əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən bununla bağlı Ədliyyə Nazirliyinin Binəqədi rayonu üzrə məhkəmə qərarlarının icra şöbəsinə məktubla müraciət olunub.
 
Ali Məhkəmənin son məlum qərarına qədər Zal Yusifovun müsadirə olunan əmlakının satılması üçün tədbirlər görülməyə də başlanılmışdı...  
Milli.Az












Tags:  nəfərin pulunu mənimsəyən bankirin villasından REPORTAJ FOTO


RƏYLƏR


Top news