Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi və siyasəti bölgədə sabitləşdirici rol oynayır (FOTO)

Prezident İlham Əliyev:  Türkiyə-Azərbaycan birliyi və siyasəti bölgədə sabitləşdirici rol oynayır (FOTO)
00:03 4 Dekabr 2015
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Türkiyə-Azərbaycan birliyi və siyasəti bölgədə sabitləşdirici rol oynayır.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə geniş tərkibdə görüş başa çatdıqdan sonra mətbuata bəyanatlarla deyib.

Dövlət başçısı Əhməd Davudoğlu salamlayaraq bildirib: "Azərbaycana xoş gəlmisiniz. Çox şadam ki, parlament seçkilərindən sonra Siz ilk səfəri Azərbaycana – qardaş ölkəyə edirsiniz. Fürsətdən istifadə edərək bir daha rəhbərlik etdiyiniz partiyanın parlament seçkilərində qazandığı böyük qələbə münasibətilə Sizi Azərbaycan xalqı adından təbrik edirəm. Parlament seçkilərindən sonra ilk rəsmi səfəriniz bir daha Türkiyə-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olduğunu göstərir.

Eyni zamanda, bu yaxınlarda Antalya şəhərində keçirilmiş G20 Zirvə görüşü münasibətilə Türkiyəni təbrik etmək istəyirəm. Minnətdarlığımı bildirmək istəyirəm ki, Türkiyə bu Zirvə görüşünə Azərbaycanı dəvət etdi. Bir ölkəni dəvət edə bilərdi və bu ölkə Azərbaycan oldu. Buna görə də Sizə minnətdaram. Bu, bizim üçün çox önəmlidir. İlk növbədə ona görə ki, həm Türkiyə, həm Azərbaycan, həm də dünya ictimaiyyəti gördü ki, biz bir-birimizə nə qədər yaxınıq. Məncə, dünyada bir-birinə bu qədər yaxın olan ikinci ölkələr mövcud deyil. Bizi birləşdirən tariximizdir, ortaq mədəniyyətimizdir, etnik köklərdir, dilimizdir. Eyni zamanda, bu gün Türkiyə və Azərbaycan iki müstəqil dövlət kimi bir-biri ilə çox sıx əməkdaşlıq edir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olmuşdur. O gündən bu günədək bizim əlaqələrimiz çox sürətlə və hərtərəfli inkişaf edir".

Prezident İlham Əliyev Azərbaycan və Türkiyənin bütün dövrlərdə və bütün məsələlərdə daim bir-birinin yanında olduğunu, bir-birini dəstəklədiyini vurğqulayıb: "Bu, dəyişməz siyasətdir. Bu siyasət həm ədalətə, həm də bizim tarixi keçmişimizə söykənir. Biz çox istəyirik ki, gələcək nəsillər də bu əlaqələri yüksək səviyyədə saxlasınlar. Bunun üçün bütün imkanlar var. Çünki bizim siyasi maraqlarımız üst-üstə düşür. Biz istəyirik ki, bölgədə sülh, əmin-amanlıq olsun, qarşıdurmalar olmasın, bütün ölkələr, bütün xalqlar rahat yaşasınlar, öz həyatını qursunlar, heç kim heç kimin daxili işinə qarışmasın.

Türkiyə-Azərbaycan birliyi və siyasəti bölgədə sabitləşdirici rol oynayır. Çünki bölgədə sabitlik, əfsuslar olsun ki, pozulub, yeni təhdidlər, risklər meydana gəlir. Biz bütün bu çağırışlara hazır olmalıyıq və hazırıq. Əlbəttə, Türkiyə nə qədər daha güclü olsa, Azərbaycanın gücü də o qədər artacaqdır".

Dövlət başçısı iki qardaş ölkənin bütün beynəlxalq təşkilatlarda da bir-birini daim dəstəklədiyini bildirib: "Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəklədiklərinə görə Türkiyə xalqına, dövlətinə minnətdarlığımı bildirmək istəyirəm. Bildiyiniz kimi, uzun illərdir ki, Azərbaycan erməni işğalından əziyyət çəkir. Beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımızın 20 faizi erməni işğalı altındadır. Şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz, tarixi abidələrimiz ermənilər tərəfindən dağıdılıbdır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası münaqişənin həlli ilə bağlı dörd qətnamə qəbul etmişdir. Qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması nəzərdə tutulur. Ancaq Ermənistan buna məhəl qoymur və bu qətnamələr 20 ildən artıqdır ki, kağız üzərində qalır. Bu münaqişə və bütün başqa münaqişələr beynəlxalq hüquq əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bunun başqa həll yolu yoxdur".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2464914.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR