Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Monteneqroda “Gəncə - 2016 Avropa gənclər paytaxtı” adlı fotosərgi maraqla qarşılanıb

Date: 4 December 2015 00:18


Podqoritsa, 4 dekabr, AZƏRTAC
Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyinin dəstəyi, Azərbaycan–Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzinin təşkilatçılığı ilə paytaxt Podqoritsada “Gəncə - 2016 Avropa gənclər paytaxtı” adlı fotosərgi keçirilib.
Tədbirdə Monteneqronun Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin əməkdaşları, Podqoritsada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, QHT-lər, ziyalılar, tələbələr, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Mərkəzin direktoru Samir Hacıbəyli tədbiri açaraq iştirakçılara Gəncənin tarixi, mədəni irsi haqqında geniş məlumat verib, şəhərin 2016-cı il Avropa Gənclər Paytaxtı seçilməsinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, “Avropa Gənclər Paytaxtı” proqramı vasitəsilə Gəncə şəhəri bir il müddətində mədəni, sosial, iqtisadi, siyasi meyarlarını avropalı gənclərə nümayiş etdirmək imkanı əldə edib.
S.Hacıbəyli diqqətə çatdırıb ki, ilk dəfə 2009-cu ildə Rotterdam şəhəri Avropa Gənclər Paytaxtı seçilib. Daha sonra ardıcıllıqla Turin, Antverpen, Braqa, Maribor, Tsessaloniki, Kluj şəhərləri bu statusa layiq görülüblər. 2017-ci ildə isə Bolqarıstanın Varna şəhəri Avropa Gənclər Paytaxtı olacaq.
Mərkəzin direktoru qeyd edib ki, “Avropa Gənclər Paytaxtı” proqramı çərçivəsində Azərbaycanın Gəncə şəhərinə Avropanın müxtəlif ölkələrindən (Türkiyə, Gürcüstan, Ukrayna, Finlandiya, Polşa, Slovakiya, Sloveniya, Macarıstan, Çexiya, Serbiya, Monteneqro, Latviya, Yunanıstan, Litva, Estoniya, Rumıniya, Portuqaliya) səyahət etmiş gənclər şəhərin günlük həyatından müxtəlif fotolar çəkib. Əminəm ki, həmin fotolardan ibarət bu sərgi böyük maraqla qarşılanacaq.
Layihənin Monteneqrodan olan təmsilçisi İvana Çekoviç bu proqram vasitəsilə Azərbaycanın bir çox zənginliklərini kəşf etdiyini deyib. Diqqətə çatdırıb ki, Gəncəyə səfərindən sonra azərbaycanlıların mehribanlığına, qonaqpərvərliyinə, bu şəhərin tarixi və memarlıq abidələrinə heyran qalıb. O, Gəncəyə səfər etmək imkanı olmayan monteneqroluların da bu fotolar vasitəsilə buranın gözəllikləri ilə tanışlıq imkanı qazanacaqlarını bildirib.
Tədbirdə diplomatik nümayəndəliyimizin dəstəyi ilə Azərbaycan–Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzi tərəfindən çap edilmiş, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullanın “Yarımçıq əlyazma” əsəri və 32 Azərbaycan şairinin uşaq şerlərinin Monteneqro dilinə tərcümə olunmuş toplusu -“Sevinc qaynağı” kitabı da qonaqlara təqdim edilib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa

Tags:  Monteneqroda Gəncə 2016 Avropa gənclər paytaxtı adlı fotosərgi maraqla qarşılanıb


RƏYLƏR


Top news