Əhməd Davudoğlu: Rusiya ilə müzakirə etməyəcəyimiz yeganə məsələ Türkiyə dövlətinin sərhədləri və suveren haqlarıdır

Əhməd Davudoğlu: Rusiya ilə müzakirə etməyəcəyimiz yeganə məsələ Türkiyə dövlətinin sərhədləri və suveren haqlarıdır
00:33 4 Dekabr 2015
37 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Rusiya ilə müzakirə etməyəcəyimiz yeganə məsələ Türkiyə dövlətinin sərhədləri və suveren haqlarıdır.

Trend-in məlumatına görə, bunu Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu Prezident İlham Əliyev ilə geniş tərkibdə görüş başa çatdıqdan sonra mətbuata bəyanatında deyib.

Türkiyənin Baş naziri deyib: "Türkiyə bütün bu məsələlərdə həmişə şəffaf və açıq siyasət yürüdüb. Buradan bir daha dostumuz, qonşumuz və böyük ortağımız olan Rusiyanı bütün bu məsələləri soyuqqanlı şəkildə dəyərləndirməyə çağırıram. Türkiyə öz sərhədlərini qoruyub. İndiyədək hər hansı şəkildə heç bir ölkəni hədəf alan aqressiv mövqedə olmayıb. Sərhədlərimiz dəfələrlə pozulsa da, hər dəfə bu halları Rusiya tərəfi ilə, aidiyyəti tərəflərlə müzakirə etdik və bütün dünyanın bildiyi kimi müdafiə olunma qaydalarımızı da elan etdik. Türkiyə Respublikasının torpaqları, hava məkanı bizim üçün müqəddəsdir. Bundan başqa, Suriya böhranının ən çox təsir etdiyi ölkə də Türkiyə Respublikasıdır. Suriya böhranının Türkiyədən daha çox təsir etdiyi ikinci bir ölkə yoxdur. Suriyada baş verənlərə Türkiyədən daha çox təsir edəcək ikinci bir ölkə də yoxdur. Biz Suriyadakı böhrana görə iki milyon qaçqını qəbul etmək məcburiyyətində qaldıq. Dünya bu böhranı seyr edərkən 8 milyard dollara yaxın xərclə iki milyon qardaşımızı Türkiyədə yerləşdirdik. BMT Təhlükəsizlik Şurası bu məsələyə passiv yanaşanda və bu böhran daha da yayılaraq insan faciələrinə yol açanda susanlar ilk növbədə bu böhrana cavabdehlər kimi qiymətləndirilməlidir.

Bizim Suriyanın, o cümlədən heç bir ölkənin bir qarış torpağında gözümüz yoxdur. Amma başqa ölkələrin də bizim sərhədlərimizə, hava məkanımıza ehtiram göstərmələrini gözləmək ən təbii haqqımızdır. İndiki halda Türkiyə Rusiya ilə istənilən məsələni müzakirə etməyə hazırdır. Bütün məsələləri ətraflı müzakirə edə bilərik. Hər məsələdə fərqli qənaətdə olsaq da, görüşüb danışa, qənaətlərimizi bölüşə bilərik. Bir masa ətrafında danışıqlar aparmağa da hazırıq. Bu gün iki ölkənin xarici işlər nazirləri cənab Çavuşoğlu və cənab Lavrov Belqradda ATƏT-in toplantıları çərçivəsində görüşəcəklər. Orada da eyni fikri ifadə edəcəyik. Hər bir məsələni danışıb müzakirə edə bilərik. Müzakirə etməyəcəyimiz yeganə məsələ Türkiyə Respublikası dövlətinin sərhədləri və suveren haqlarıdır. Biz hamının suveren haqlarına hörmət edirik və hər kəsin də bizə hörmət etməsini gözləyirik".

Əhməd Davudoğlu iqtisadi sanksiyalar məsələsinə də toxunub: "Türkiyə indiyə qədər İrana qarşı tətbiq edilən iqtisadi sanksiyalar, keçmişdə Suriyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar, bu yaxınlarda Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar məsələsində də eyni mövqe ortaya qoymuş və iqtisadi sanksiyaların siyasi problemlərin həllinə fayda verməyəcəyini bəyan etmişdir. Rusiyanın ən çətin vaxtlarında bu ölkəyə qarşı tətbiq olunan iqtisadi sanksiyalara biz qatılmadıq.

Ancaq bu gün Türkiyənin heç bir şəkildə səbəb olmadığı böhranla əlaqədar Rusiyanın bizə qarşı iqtisadi sanksiyaların tətbiqi ilə bağlı qərar qəbul etməsini də böyük bir ziddiyyət olaraq görürük. Özlərinə qarşı iqtisadi sanksiyalar tətbiq ediləndə bundan məmnun olmayanlar başqalarına da iqtisadi sanksiyalar tətbiq etməməlidirlər. Həmçinin iqtisadi sanksiyalar hər iki tərəfə də zərər verir. Heç bir iqtisadi sanksiya birtərəfli işləyə bilməz.

Bu baxımdan da Rusiyaya, bu gün belə açıqlamaları ilə gərginliyi artıran cənab Putinə bir daha demək istəyirəm: əvvəlcə açıqlamalarımızdakı sərtliyi yumşaldaq. Qarşılıqlı ittihamlar əvəzinə, müzakirələr aparmaq üçün görüşək. Sonra əgər hadisənin necə baş verməsi ilə bağlı məlumat almaq istəsələr, - düzdür, bunları əvvəlcə açıqlamışıq, - bir daha açıqlayarıq. Dünya da buna şahiddir. Dünyada artıq heç nə gizli qalmır. Hava sərhədimizin pozulmasının necə baş verdiyi, eyni zamanda, NATO qeydlərində, bölgədəki hərbi bazalarda, hər yerdə bəllidir. Bunları danışıb müzakirə edərik. Gərginliyi azaltmaq, ittihamedici açıqlamalardan çəkinmək və iki qonşu ölkə olaraq bir masa ətrafında əyləşərək problemləri həll etmək bizim seçdiyimiz yol və metoddur. Çünki Türkiyə-Rusiya münasibətlərinə yalnız Türkiyə və Rusiya olaraq iki ölkənin deyil, Qafqaz, Balkanlar, Orta Asiya, Yaxın Şərq, Qara dəniz, Xəzər dənizi regionlarının və digər bölgələrin də ehtiyacı var. Türkiyə ilə Rusiya arasındakı əlaqələrin yaxşı olması bütün bu bölgələrin sülh və sabitliyinə töhfə verər. Bu baxımdan da bu müraciətimizi buradan bir daha səsləndirmək istəyirəm. Amma heç bir şəkildə əsassız ittihamlarla Türkiyənin günahlandırılmasını da qəbul etməyəcəyimizi və nə olursa-olsun, kimin tərəfindən gəlirsə-gəlsin, hansı ölkəyə aid olursa-olsun Türkiyənin hava, quru və dəniz sərhədlərini təhdid edəcək və ya pozacaq heç bir fəaliyyətə imkan verməyəcəyimizi bir daha ifadə etmək istəyirəm".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2464917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR