BANM Küveytdə neft üzrə ali təhsil müəssisəsinin yaradılmasına dəstək verir

10:43 4 Dekabr 2015
21 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Küveytin Afnan Beynəlxalq Holding Şirkətinin sədri Bakı Ali Neft Məktəbində (BANM) oldu.

BANM-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Küveytin Afnan Beynəlxalq Holding Şirkətinin (Afnan International Holding Company) sədri cənab Mübarək əl-Cassim Bakı Ali Neft Məktəbində oldu. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonağı salamlayaraq onu Ali Məktəbdə görməkdən məmnunluğunu bildirdi.

Rektor qonağa Ali Məktəbin tarixindən danışaraq BANM-in 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə SOCAR-ın strukturunda yaradıldığını vurğuladı. O, bildirdi ki, Ali Məktəbin əsas məqsədi neft və kimya sənayesi üçün yüksək ixtisaslı peşəkar mühəndis kadrların hazırlanmasıdır. Rektor Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” sözlərinin bu Ali Məktəbdə reallaşdırıldığını dedi. O, Ali Məktəbdə təhsilin ödənişsiz olduğunu qonağın diqqətinə çatdırdı.

Rektor tədrisin ingilis dilində aparıldığını və Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirildiyini vurğuladı. Həmçinin imtahanların Heriot-Vatt Universitetinin professorları tərəfindən keçirildiyini və tələbələrin biliyinin tam şəffaf qiymətləndirildiyini bildirdi. O, hər il ali məktəblərə qəbul imtahanında ən yüksək bal toplayan tələbələrin Ali Məktəbi seçdiyini və Prezident təqaüdçüsü adını qazanan BANM tələbələrinin sayının hər il artdığını dedi. E.Qasımov ümumi orta bal göstəricilərinə görə BANM-in öndə olduğunu nəzərə çatdırdı. Ali Məktəbin kampusu haqqında söz açan və kampusun layihəsi ilə qonağı tanış edən Elmar Qasımov işlərin artıq yekunlaşdığını diqqətə çatdırdı. E.Qasımov tələbələrin SOCAR, Total, BP, Schlumberger, Emerson Process Management, Statoil, Schneider Electric, ABB, Halliburton və digər bir sıra beynəlxalq şirkətlərdə ödənişli istehsalat təcrübəsi keçdiklərini də diqqətə çatdırdı. Azərbaycanın neft mühəndisliyi sahəsində 100 illik təcrübəsinin olduğunu bildirən rektor əmək bazarında rəqabətə girmək üçün keyfiyyətli kadrların hazırlanmalı oldugunu vurğuladı. O, bildirdi ki, sözügedən şirkətlər BANM-lə çox həvəslə əməkdaşlıq edir. Elmar Qasımov Küveytdə neft üzrə ali təhsil müəssisəsinin yaradılmasına dəstək verməyə hazır olduğunu dedi.

Afnan Beynəlxalq Holding Şirkətinin (Afnan International Holding Company) sədri Mübarək əl-Cassim qəbula görə öz təşəkkürünü bildirdi. Azərbaycana ilk dəfə səfər etdiyini və Bakıya birinci dəfə gəldiyini deyən qonaq ölkəmizə heyranlığını gizlətmədi. O, ixtisasca mühəndis olduğunu bildirərək təmsil etdiyi şirkət haqqında məlumat verdi. Mübarək əl-Cassim Küveytdə yeni ali məktəb yaradılması məsələsi ilə bağlı körfəz regionunda neft və qaz təlimini gücləndirmək üçün beynəlxalq əməkdaşlığa maraq göstərdiyini bildirdi. Bu məqsədlə Bakı Ali Neft Məktəbinin fəaliyyəti ilə ətraflı tanış olmaq üçün BANM-i ziyarət etmək arzusunda olduğunu dedi. O, bu sahədə əməkdaşlığa ümidini ifadə edərək, həmçinin tələbə mübadiləsi ilə bağlı əməkdaşlığın mümkünlüyünü vurğuladı.

Görüşdə qarşılıqlı əlaqələrin qurulması üçün əməkdaşlıq, o cümlədən digər maraq doğuran məsələlər ətrafında müzakirələr aparıldı.
Görüşdən sonra Mübarək əl-Cassim BANM-in tədris auditoriyalarını gəzərək professor-müəllim heyəti və tələbələrlə görüşdü.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2464997.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR