Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bəs buna nə deyəcəksiniz?!

Bəs buna nə deyəcəksiniz?!

Date: 4 December 2015 12:05

Rusiya ilə Türkiyə arasındakı münasibətlərin həddən artıq soyuduğu bəlli. Üstəlik, rəsmi Moskva Ankaranı İŞİD-dən neft almaqda suçlayır.

Bu isə Ankaranın guya İŞİD-lə əlbir olması, Türkiyənin terrorçulara birbaşa yardım və dəstək göstərməsi anlamına gəlir.
Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov Moskvada keçirilmiş brifinqdə "Suriyada İŞİD-in nəzarətində olan ərazilərdən hər gün yüzlərlə ağır tonnajlı avtomobillər vasitəsilə Türkiyəyə neft və neft məhsulları daşınmasına dəlalət edən" fotolar, videokadrlar nümayiş etdirmişdi.

Bu görüntülər peyklər və pilotsuz uçan aparatlar vasitəsilə çəkilib.
Rusiya iddia edir ki, İŞİD Suriya ilə İraqda ələ keçirdiyi ərazilərdə yerləşən buruqlarla mədənlərdən hasil etdiyi neft satışlarından gündə 3 milyon dollar xalis gəlir əldə edir.
Rəsmi Moskva onu da vurğulayır ki, "İŞİD-dən neft alınması biznesinə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ailəsi nəzarət edir".

Dekabrın 2-də keçirilmiş həmin brifinqdə Rusiya ordusunun Baş Qərargahının rəis müavini Sergey Rudskoy da İŞİD-in Türkiyəyə neft satdığını söyləmişdi.

Putin çox ağır danışmışdı

"Allah Türkiyənin rəhbərliyinin ağlını əlindən alaraq onları belə cəzalandırmaq qərarına gəlib. Onların niyə belə etdiklərini hələ də anlaya bilmirəm".
Rusiya prezidenti Vladimir Putin ölkənin Federal Məclisinə müraciətində belə deyib. O, Rusiyanın Su-24 bombardmançısının Türkiyə Hərbi-Hava Qüvvələrinin F-16 qırıcıları tərəfindən vurulmasını belə şərh etmişdi.

O, daha sonra demişdi: "İstənilən problemləri tamamən ənənəvi şəkildə həll etmək olardı. Amma görünür, Allah Türkiyədə hakimiyyətdə olan adamların ağıllarını və şüurlarını əllərindən alaraq onları belə cəzalandırıb. Təyyarəmizi vurduğuna görə Türkiyəni peşman edəcəyik. Rusiya düşünülmüş, konstruktiv şəkildə davranacaq. Kimsə bizdən əsəbi, isterik, bütün dünya üçün təhlükəli reaksiya gözləməsin".

Ərdoğan dərhal cavab vermişdi

Rəcəb Tayyib Ərdoğan dünən "Türk İşçi Sendikatları" Konfederasiyasının 22-ci fövqəladə toplantısında deyib: "Türkiyə olaraq Balkan yarımadasına, Qafqaza, Aralıq dənizi hövzəsinə, İraqa biganə qalmağımız mümkün deyilsə, Suriyada baş verənləri də qətiyyən qulaqardına vura bilmərik. Bax buna görə soruşuram: Rusiya Suriyada nə axtarır? Nə imiş - BMT-nin onlara verdiyi səlahiyyət varmış. Nə imiş o yetki - "Əgər o ölkənin hakimiyyəti dəvət edərsə, gedilə bilər". Oraya getmək, 380 min insanı öldürən qatil Bəşər Əsədin dəvətinə müsbət cavab vermək məcburiyyətində deyildiniz.

Bəşər Əsəd rejimi qanunsuz hakimiyyətdir. Bunu görmək məcburiyyətindəsiniz. Dediklərimlə bağlı cənab Putinlə çox danışmışam. İŞİD də Əsəd rejimindən bəslənir".
Son vaxtlar Rusiyada "Türkiyə İŞİD-dən neft alır" iddiasının dəbə mindiyini deyən Ərdoğan iddiaların yalan olduğunu, Rusiyanın hakimiyyət dairələrinin bu yalanlara özünü inandırmağa çalışdığını vurğulayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinin onun və ölkəsinin ünvanına səsləndiyi çox ağır ittihamların əsassız olduğunu söyləyib.
"Belə iddiaları sənədlərlə, faktlarla sübut etməlidirlər. Mən demişəm - iddiaları sübut etsələr, istefa verəcəyəm. Amma bir iş var: əgər Putin sübut edə bilməsə, vəzifəsindən istefa verməlidir. Suriya xalqı ilə eyni bölgədə yaşamağa davam edəcəyik. Sabah hər şey başa çatanda oradakı qardaşlarımızın qarşısına alnıaçıq, üzüağ çıxacağıq. Müstəqilliyimizlə bağlı zərrə qədər güzəşt edə biləcəyimizi kimsə bizdən gözləməsin. Türkiyə ona dost olanlara qazandıran, kin və düşmənçilik bəsləyənlərə isə uduzduran ölkədir", - Ərdoğan deyib.

Həqiqət isə...

Rusiyanın bütün dünyaya "Türkiyənin İŞİD-dən neft və neft məhsulları almasına dəlalət edən danılmaz faktlar" qismində təqdim etdiyi foto və videoçəkilişlərdə görünən ağır tonnajlı yük avtomobilləri həqiqətən də Türkiyənin Suriya və İraqla sərhədlərindəki Əziz ilə Reyhanlı buraxılış məntəqələrinə doğru hərəkət edir, orada yoxlanır, sonra Türkiyə ərazisinə buraxılır.
Bu, belədir və danmağa da ehtiyac yoxdur.

Lakin həmin avtomobillər İŞİD-in yox, İraqın şimalındakı Kürdüstanın neftini daşıyır.
Bunu İraqdakı Kürdüstan Muxtariyyətinin parlamentinin energetika komitəsinin sədri Şerko Cevdat deyib.
"Rusiya Müdafiə Nazirliyinin generallarının brifinqdə göstərdikləri, sonra da prezident Vladimir Putindən tutmuş, Rusiyanın nazirləri, siyasətçiləri və medianın "fakt" kimi istifadə etdikləri fotoşəkillər və videoçəkilişlərdə olan yanacaq daşıyan avtomobillər bizə məxsusdur. Onlar İraq Kürdüstanında çıxarılan nefti buradan Türkiyənin cənubuna, Ceyhan terminalına daşıyırlar. Bizim Təbii Ehtiyatlar Nazirliyimiz indiyədək dəfələrlə deyib ki, hər gün yüzlərlə ağır tonnajlı avtomobil vasitəsilə Türkiyəyə neft, neft məhsulları daşıyırıq. Bunu hamı bilir - ABŞ da, Avropa Birliyi də, Yaxın Şərq ölkələri də, Rusiya da. Hər şey qanunidir, şəffafdır. Rusiyanın "fakt"ları yanlış məlumatlara əsaslanır", - Ş.Cevdat deyib.
Tanınmış kürd siyasətçinin dediyinə görə, İraqın şimalındakı kürdlər hazırda İŞİD-ə qarşı vuruşan ən effektiv qüvvələrdən biridir.

Ş.Cevdat daha sonra bildirib: "Təki bütün ölkələr Türkiyə təki İŞİD-ə qarşı mübarizə aparaydı. Türkiyənin bizi, yəni kürdləri bombalayıb İŞİD-i vurmağımıza mane olmağa çalışması barədə deyilənlər də yalandır. Türkiyə kürdləri yox, kürdlər arasındakı terrorçuları bombalayır. Necə ki, ərəb ölkələri əksəriyyəti ərəblərdən ibarət İŞİD-ə qarşı vuruşur. Terrorun milli, dini mənsubiyyəti olmur. Ən nəhayət, İraq Kürdüstanında Rusiyanın da neft şirkətləri fəaliyyət göstərir. Axı onlar hər şeyi əla bilirlər! Bilirlər ki, o fotolardakı neft bizim neftimiz, o maşınlar bizim maşınlardır".

ABŞ, NATO və İsrail də yalanladı

Türkiyənin İŞİD-dən neft almağı barədə Rusiyanın iddiaları ABŞ-ı inandırmayıb. Hər halda ABŞ-ın Müdafiə Nazirliyi və Mərkəzi Kəşfiyyat İdarəsinin yetkililəri "belə iddiaları cüzi də olsa, təsdiqləyə biləcək heç bir məlumata malik deyilik" açıqlamaları ilə çıxış ediblər.
İsrail də İŞİD-lə Türkiyə arasında neft sövdələşməsi barədə iddiaları əsaslandıra biləcək "informasiyanın olmadığını" bəyan edib.

NATO da analoji mövqe tutub.
Tam əksinə, Suriyada İŞİD-in nəzarətində olan ərazilərdəki buruqlar və mədənlərdə hasil olunan xam neftin alıcıları arasında Rusiya şirkətləri, habelə bu şirkətlərin müxtəlif ölkələrdə qeydiyyatdan keçirdiyi törəmə qurumlarının olduğunu Qərbdə dövlət mənsubları və siyasətçilərlə yanaşı, ekspertlər də vurğulayırlar.

Elçin Alıoğlu
Milli.Az















Tags:  buna deyəcəksiniz


RƏYLƏR


Top news