​Azərbaycanda icrası 3 il gecikdirilən yol layihəsinin icrası bərpa olunub

​Azərbaycanda icrası 3 il gecikdirilən yol layihəsinin icrası bərpa olunub
12:07 4 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 120-200-cü (80 km) kilometrlik Hacıqabul-Kürdəmir və 200-288 ( 88 km) kilometrlik Kürdəmir-Ucar-Yevlax hissələrinin 2 zolaq əlavə edilməklə, I texniki dərəcəyə təkmilləşdirilməsi layihələrinin icrası davam etdirilir.
Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən "Report"a daxil olan xəbərə görə, 2011-ci ilin dekabr ayından I texniki dərəcəyə uyğun qurulmasına başlanılan Hacıqabul-Kürdəmir, 2012-ci ilin noyabr ayından yenidən qurulmasına başlanılmış Kürdəmir-Ucar-Yevlax yollarının layiləndirilməsində müəyyən dəyişikliklərin edilməsi, yolun təhkim zolağına düşən torpaq sahələrinin və tikililərin satınalınması zamanı yaranan razılaşma problemləri və sair səbəblər ucbatından gecikmələr baş verib. Lakin artıq işlər sürətləndirilib. Layihələr üzrə artıq son tamamlanma işləri həyata keçirilir və bu ilin sonuna kimi vətəndaşlar I texniki dərəcəyə uyğun yenidənqurulmuş yoldan rahat şəkildə istifadə edə biləcəklər.
Hər iki layihə üzrə yolun bir istiqamət üzrə hərəkət hissəsinin eni 13,75 metr olmaqla, ümumi eni 27,5 metrdir. Hərəkət zolaqlarının sayı 4 olmaqla, hər bir zolağın eni 3,75 metr, yol örtüyü polimer asfalt-betondur. Layihələrə uyğun olaraq yol yatağının qalınlığı hamarlayıcı qat 30 sm, əsasın alt layı 25 sm, əsas lay 20 sm olmaqla ümumilikdə 75 sm-dir. Asfalt-beton örtüyü isə 3 qat olmaqla qalınlığı 25 sm-dir (bitumlu lay 12 sm, əlaqələndirici lay 8 sm, aşınma layı 5 sm).
Hacıqabul-Kürdəmir yolunun 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsinə uyğun olaraq, yolda torpaq işləri tam olaraq görülərək, yekunlaşdırılıb, 12 sm bitumlu lay və 8 sm əlaqələndirici lay olmaqla, 20 sm qalınlığında asfalt-beton örtüyü döşənib. Hazırda yola 5 sm qalınlığında sonuncu aşınma qatının döşənməsi və yolboyu ikitərəfli işıqlandırma sistemlərinin qurulması işləri həyata keçirilir. Ümumilikdə, Hacıqabul-Kürdəmir avtomobil yolununda fiziki işlərin 94%-i yerinə yetirilib.
Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax hissəsinin yenidən qurulması layihəsi çərçivəsində 4 ədəd yol qovşağı və 5 ədəd su üzərindən (hidravlik) körpünün inşası həyata keçirilir. Hazırda körpülərdə son tamamlanma işləri görülür. Qovşaq körpülərində işlərin 99,2%-i, hidravlik körpülərdə isə 98,5%-i yerinə yetirilib. Bundan başqa, yolda 25 ədəd yeraltı keçiddən 13-ü tikilib, 12-i tikilməkdədir, 39 ədəd düzbucaqlı drenaj qurğusunun tikintisi tam yekunlaşdırılıb, 124 ədəd suötürücü dairəvi boru mənfəzdən 114-ü tikilib, 10-u hazırda tikilməkdədir və 16 ədəd avtobus dayanacağının tikintisi artıq yekunlaşıb. Layihəyə uyğun olaraq yolda müvafiq yol nişanlarının quraşdırılması işləri aparılıb.
Hazırda Kürdəmir-Ucar-Yevlax-Tərtər yolunun yenidən qurulması çərçivəsində bəzi hissələrdə torpaq işlərinin görülməsi davam edir. Bu istiqamətdə işlər əsasən Ağdaş rayonunun Ləki və Əmirarx kəndlərində aparılır. Bu işlərə paralel olaraq torpaq işlərinin yekunlaşdığı ərazilərə isə asfalt-beton örtüyünün döşənməsi həyata keçirilir. Artıq işlərin təqribən 76%-i görülüb. Yolun işıqlandırılması isiqamətində işlər davam etdirilir. Ümumilikdə, Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yoluna 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsi üzrə işlərin 76%-i görülərək yekunlaşdırılıb.











Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/azerbaycanda-icrasi-3-il-gecikdirilen-yol-layihesinin-icrasi-berpa-olunub1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR