İlk qar Ağsu dolaylarında sürücülər üçün bəzi  çətinliklər yaradıb

İlk qar Ağsu dolaylarında sürücülər üçün bəzi  çətinliklər yaradıb
13:03 4 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Ağsu, 4 dekabr, AZƏRTAC
Ağsu rayonuna qar yağıb. Gecədən yağmağa başlayan qar dekabrın 4-də səhər saat 10-dək davam edib. Qar dağlıq əraziləri ağ örpəyə bürüsə də, dağətəyi və düzən ərazilərdə tez əriyib. Yağan qar Bakı-Şamaxı-Yevlax magistral yolunun Ağsu dolayları adlanan 144-156-cı kilometrində, xüsusən dolaylardakı 14 sərt döngədə sürücülər üçün bəzi çətinliklər yaradıb.
AZƏRTAC xəbər verir ki, gecə ara vermədən yağan qar dolayların yuxarı hissəsində 10-12 santimetrə, aşağı hissədə isə 5-6 santimetrə çatıb. Nəticədə avtomobillərin hərəkətində çətinliklər yaranıb.
Ağsu 6 saylı Yol İstismar İdarəsinin işçiləri texnikanın, o cümlədən qreyderin, duzsəpən və yük maşınlarının köməyi ilə səhər tezdən dolaylarda yolun təmizləməsinə başlayıblar. Xüsusilə sərt döngələrdə və sürüşmə zonalarında təmizləmə işləri xüsusi nəzarət altında aparılıb. Həmin ərazilərə duz, habelə çınqıl səpilib.
Saat 9:00-dan etibarən dolaylarda avtomobillərin hərəkəti tamamilə bərpa olunub.
Sürücülərə zərurət yaranmasa gediş-gəliş üçün Ağsu dolaylarından istifadə etməmək tövsiyə olunur. Əks təqdirdə avtomobillərin saz olmasına, qış rejimi üçün nəzərdə tutulan şinlərdən və ya şinlər üçün zəncirlərdən istifadə edilməsinə diqqət yetirmək məsləhət görülür.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ilk_qar_Agsu_dolaylarinda_suruculer_uchun_bezi_chetinlikler_yaradib-908202

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR