Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dərdlərimiz

Dərdlərimiz

Date: 4 December 2015 14:19

 Çoxdu, lap çoxdu. Sadalamaqla qurtarmaz. Xalq olaraq da, cəmiyyət olaraq da dərdlərin içindəyik. Qalmışıq çabalaya- çabalaya. Həllini hərə bir şeydə görür. Amma dərdin, problemin özünü də hərə bir cür görür axı. Mənim dediklərimin də adı çoxlarının dedikləri ilə eynidi. Di gəl fərq ondadır ki, bu problemlərin həlli böyük adamlardan, dövlətlərdən asılı deyil. Kiçik adamların yaratdığı, böyük dərdlərdir bunlar. Yaradanlar,  həll edə biləcək adamlar da, yuxarılarda deyil, elə xalqın içindədirlər. İstəkləri, arzuları, bir az da cəsarətləri olsa, həll edərlər, canımız qurtarar  bir xeylisindən.

Məsələn, bu ölkədə din, əsasən də konkret olaraq şiəlik və şiəliyin tarixi şəxsiyyətləri bir qrup insanın monopoliyasındadır. Özlərinə dini lider seçdikləri, ideal seçdikləri şəxsiyyətləri özlərindən başqa bir kimsə ilə paylaşmazlar, haqqında hər hansı bir mübahisəyə belə yol verməzlər. Söz deyəni asarlar, kəsərlər. Bir məclisdə  “ imkan verin, İmam Hüseyni bütün xalq tanısın. Kim olduğunu bilsin. O, təkcə sizin deyil, bütün islam dünyasının və hətta dünyanın sayıb hörmət edə biləcəyi bir tarixi şəxsiyyətdir . Hüseyn həm haqq uğrunda şəhiddir, ədalətin yanında olan elmli insandır. Sözümü bitirməmiş hədələdilər, hay-küy saldılar, çıxıb məclisdən getmək istədilər. Arada ev sahibinin yanında günahkar oldum. Yenə də səslənirəm, qaldırın monopoliyanı, imkan verin, insanlar o adamları öyrənsin, tanısın, sevsin. Sizin tapındığınızı , bütləşdirdiyinizi,  yalnız sizin olanı siz istəyən kimi qəbul etmək, elə də asan iş deyil axı...
 

İmtina mədəniyyəti. Çox ciddi problemdir.  Məsələn, mənə bircə nəfər, xalq artisti adı daşıyan mədəniyyət xadimlərindən tutmuş, toy “manıs” larına kimi, hamısının içindən bircə ad deyin, televiziyalardakı o düşük şoulara, “ palatka toylarına” qonaq kimi iştirakdan imtina etmiş olsun. Sevdiyimiz, sevmədiyimiz, adlı-sanlı, səsi olan, olmayan hamısı ordadır . Sonra deyirik ki, xalq niyə o şoulara baxır, niyə o məlum kanalın qarşısında növbələr düzülür?  Sevdikləri, saydıqları insanlar ordadır . Həm də, tək orda da deyil, hər yerdədirlər. Bayağı konsertlərdə, ucuz plagiat yarışmalarda. Məcnunu oynayan , yüzlərlə tələbəyə musiqimizin sirlərini öyrədən, səsi ilə ürəkləri fəth edən birisi, qurşaqdan aşağı ucuz zarafatlarla neçə illərdi xalqın zövqünu korlayan komediya “ ustalarının”  konsertindən sonra təbrik üçün səhnəyə çıxır. Yanır-tökülür adam...

Bircə futbolçu, bir komanda məşqçisi məğlubiyyətdə öz günahını görüb, istefa vermir. Bir həkim “bu xəstənin dərdi mənlik deyil”  etirafında bulunmur. Bir müəllim də uşaqların dərsə gəlməməsinin səbəbini özündə görmür. Nəticədə, dərsə getməyən, repetitorlarda konkret sualların cavabın bilib qəbul balını toplayacaq robotlara çevrilən şagirdlər həkim olur, müəllim olur, futbolçu, məşqçi olur. Heç nə ola bilməyəndə də, dindar olur. Sərhədi ya o tərəfdən İrana keçib, müctəhid kimi qayıdır üstümüzə, ya da o biri tərəfdən Suriyaya keçib canlı bomba kimi. Gələn kimi də deyir hər şey o kitabda yazılıb, vəssalam. Düşmən öldürülməlidir, oğrunun əli kəsilməlidir, qadınlar çadraya bürünməlidir, çadranın da altında lazım gələrsə bomba gəzdirməlidir.

Bax, bu durumdayıq biz!


Tags:  Dərdlərimiz

RƏYLƏR


Top news