Müğənnilər ansambl və prodüserinə görə vergi ödəyir? - Sorğu

Müğənnilər ansambl və prodüserinə görə vergi ödəyir? -  Sorğu
14:31 4 Dekabr 2015
33 Şou
Ölkə mətbuatı
A- A+

Bir neçə həftə əvvəl Vergilər Nazirliyi şou-biznesə aid fəaliyyətlərlə məşğul olan şəxslərin vergiyə cəlb edilməsi haqda yeni məqalə dərc edib.
 
Yazıda ifaçıların prodüserlərinə, ansambllarına görə də vergi ödəməli olduğu qeyd edilib.

Axşam.az ifaçılar arasında sorğu apararaq onların bu məsələyə fikirlərini öyrənib. Həmin sorğunu təqdim edirik:
 
Aşıq Samirə Əliyeva:
 
“Bu qayda ilə bir yandan razıyam, bir yandan yox. Bizdə bir istehsalçı kimi səsimizi satır, qazanırıq. Onun qarşılığında vergi verməliyik. VÖEN-im var, toylardan vergi ödəyirəm. Universitetdə müəlliməyəm. Onun da vergisini ödəyirəm. Prodüserim yoxdur. Ansamblla toya gedənlərdən deyiləm. Bu dövlətin büdcəsidir. Bundan biz də, övladlarımız da dolanır. Musiqiçilər isə özləri qazanclarından vergi ödəsinlər”.

Müğənni Rüfət Axundov:
 
“Hökümətlə hökümətlik etmək olmaz. Hər şey əladır. Qayda-qanun hamı üçün birdir. Qayda çıxarılıbsa, hamı ona əməl etməlidir. Eləcə də mən”.

Müğənni İzzət Bağırzadə:
 
“Mən həmişə ansambla görə vergi ödəyirəm. 11 ildir ki, musiqiçilərimin VÖEN-i var. Sadəcə onların gəlirinə çox yük salmaq istəmirdim. Ümumi pullarını toplayıb, özüm vergilərini verirdim. Prodüserim isə heç vaxt olmayıb”.

Müğənni Kərim Abbasov:
 
“Hansısa musiqiçini toya aparıramsa, pul verirəmsə, vergilərini də özləri ödəsin. Ancaq öz əvəzimə vergi ödəyirəm. Hamısından tələb etmişəm ki, vergi kodu alsınlar. Almayan yanıma gəlməsin. Mən musiqiçimin yerinə vergi ödəməyi qəbul etmirəm. 7 ildir vergi qaydasına riayət edirəm. Hökumətin qanununa əməl etməliyik”.
 
Müğənni Elvin Abdullayev:

“Bilmirəm bu qərar qüvvəyə minib, ya yox. Amma çox ağır məsələdir. İnanmıram ki, müğənni həm musiqiçisinə, həm də prodüserinə görə vergi ödəməyə razılaşsın. Özümə görə hər zaman vergi ödəməyə hazıram. Belə halda müğənninin yükü ağırlaşır”.

Podüser Tarix Əliyev (Tolik) də məsələyə fikrini bildirib:

“2013-cü ildən VÖEN-im var. Amma indiyənə kimi istifadə etməmişəm. Çünki şərtlər çox çətinləşdirilib. Bunu asanlaşdırsınlar, biz də gedib banka yaxınlaşıb vergimizi ödəyək. Mənim müğənnim niyə mənim əvəzimə vergi verməlidir ki? Mənə faiz verir, onun da vergisini özüm ödəməliyəm. Gərək müğənni toya gedəndə yanında kassa daşısın, mənə qəbz versin. Bu çətin haldır. Əgər şərtləri asanlaşdırsalar, prodüserlər vergi ödəsə, xeyrimizədir. Onda bilinər ki, əsl prodüser kimdir”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=41930

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR