Baş prokuror Xaçmaz şəhərində vətəndaşları qəbul edib

Baş prokuror Xaçmaz şəhərində vətəndaşları qəbul edib
15:53 4 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumlarının rəhbərləri tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinə əməl olunması ilə bağlı tapşırıqları Baş Prokurorluq tərəfindən daim diqqətdə saxlanılır və bu məqsədlə vətəndaşların bölgələrdə qəbulu davam etdirilir.
Dekabrın 4-də baş prokuror Zakir Qaralov Xaçmaz Rayon Prokurorluğunun inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbuldan əvvəl baş prokuror Zakir Qaralov və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda baş prokuror bölgədə yaşayan 11 vətəndaşın müraciətində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.
Bununla yanaşı, həmin rayonların prokurorlarının iştirakı ilə keçirilən müşavirədə bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilib. Həmçinin vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bas_prokuror_Xachmaz_seherinde_vetendaslari_qebul_edib-908285

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR