Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Milli Qəhrəman Əlif Hacıyevə həsr olunmuş film təqdim olunub

Milli Qəhrəman Əlif Hacıyevə həsr olunmuş film təqdim olunub

Date: 4 December 2015 16:23


Bakı, 4 dekabr, Ceyhun Alışlı, AZƏRTAC
Dekabrın 4-də Nizami Kino Mərkəzində Bakı Şəhər İcra Hakimiyyətinin Kino Xidməti İdarəsinin təşkilatçılığı ilə Milli Qəhrəman Əlif Hacıyevə həsr olunmuş “Azərbaycanlı olmaq böyük şərəfdir” adlı sənədli filmin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, “Vətənpərvərlik kinosu günləri” çərçivəsində nümayiş olunan film rejissor Könül Kərimovanın quruluşunda təqdim edilib. Tədbirdə Milli Qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri, qohumları iştirak edib.
Əvvəlcə torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda şəhid olmuş qəhrəman Azərbaycan övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Milli Qəhrəmanın döyüş yoldaşı Nazim Hüseynov onun keçdiyi döyüş yolundan söz açaraq xatirələrini bölüşüb. Qeyd olunub ki, şərəfli və zəngin döyüş yolu keçən Milli Qəhrəmanımızın əzmkarlığı nəticəsində Xocalı aeroportu erməni separatçılarının nəzarətindən tamamilə çıxıb.
Daha sonra Milli Qəhrəmanın keçdiyi ömür yolundan və öz vətəninə şərəflə xidmət etməsindən söz açılıb. Bildirilib ki, Əlif Hacıyevin hər bir gəncə örnək ola biləcək həyat yolu var.
Bakı Şəhər İcra Hakimiyyətinin Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman çıxış edərək bildirib ki, keçirilən belə tədbirlərin əsas məqsədi, zaman-zaman vətənə xidmət etmiş, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış mərd oğul və qızlarımızın vətənpərvərliyini, onların indiki və gələcək nəsillərə örnək ola biləcək həyat yolunu təbliğ etmək, o cümlədən torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda şəhid olmuş qəhrəman Azərbaycan övladlarının xalqımıza daha da yaxından tanıdılması, gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi əzmini yaratmaqdan ibarətdir.
Sonda “Azərbaycanlı olmaq böyük şərəfdir” sənədli filminin təqdimatı olub.
Qeyd edək ki, Əlif Hacıyev 1953-cü ildə Xocalı şəhərində anadan olub. 1992-ci il fevralın 25-də Xocalıda misilsiz rəşadət göstərərək qəhrəmancasına həlak olub. Elə həmin il Daxili İşlər Nazirliyinin əməkdaşı, mayor Əlif Hacıyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.







Tags:  Milli Qəhrəman Əlif Hacıyevə həsr olunmuş film təqdim olunub



RƏYLƏR


Top news