Vüsalə Mahirqızı: “İnsanlar internet medianı özlərinə daha yaxın hiss edir”

Vüsalə Mahirqızı: “İnsanlar internet medianı özlərinə daha yaxın hiss edir”
16:29 4 Dekabr 2015
24 Sosial
Ölkə mətbuatı
A- A+

 

"Ciddi piar strategiyası olmayanda brendin reklamı üçün başladılan kampaniya əks effekt verir"

 

“Bu gün dünyanın hər yerində sosial media əsas trenddir. Adamlar internet medianı özlərinə daha yaxın hiss edir”.

 

“APA-Economics”in məlumatına görə, bunu ADA Universitetində keçirilən “İKT İnnovasiyalarının Regional İnkişaf Mühitinin Yaradılması” devizi altında III “Regional İnternet İdarəçilik Forumu”nda "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı deyib.

 

V. Mahirqızının sözlərinə görə, bu gün elektron media, televiziyalar daha çox populyar olsa belə, internet medianın əhəmiyyəti getdikcə artmaqdadır: “İnsanlar media deyəndə internet medianı özlərinə daha yaxın hiss edirlər. Çünki burada çox ciddi psixoloji məqam var: internet media hər bir insanın özünün iştirak edə bildiyi bir media sahəsidir.  Sizin televiziya və ya çap mediasında görünməniz üçün bir vasitəçiyə, jurnalistə ehtiyacınız var. İnternet mediada isə artıq sosial şəbəkələr vasitəsi ilə hər biriniz jurnalist, hətta ekspert ola bilərsiniz. Buna görə, internet media insanların bir addımlığındadır. Eyni zamanda, müasir texnologiyalar internet medianı bizə daha yaxın edir”.

 

 

İnsanların internet vasitəsi ilə xəbərlərlə tanış olmağa daha çox üstünlük verməsini V. Mahirqızı internet medianın daha çox etibar və inam qazanması, eləcə də operativ media növü olması ilə əlaqələndirir.

 

Azərbaycanda internet medianın biznes fəaliyyətinə də toxunan “APA Holdinq”in rəhbəri bildirib ki, reklam bazarına ayrılan vəsaitin həcmi qənaətbəxş deyil: “Hazırda Azərbaycanda internet media bir biznes sahəsinə çevrilə bilib. İnternet medianın bu sahədə televiziyalarla yarışı başlayıb. Həmin yarışda, rəqabətdə internet media hələlik üstün vəziyyətdə deyil. Mən burada “Facebook”u kənara qoyuram" - deyə V. Mahirqızı bildirib.

 

V. Mahirqızı əlavə edib ki, artıq Azərbaycanda internet media biznes adamları üçün cəlbedici olmağa başlayıb.

 

Şirkət rəhbəri qeyd edib ki, hazırda Azərbaycan bazarında online reklamların verilməsinə sosial şəbəkələrdən xeyli istifadə olunur: "Bu istifadəni o qədər də qənaətbəxş hesab etmirəm. Lakin ümumilikdə artıq sosial şəbəkədən həm brendin tanıdılması, həm də satış və müştəri toplanması üçün istifadə edilir. Bu sahədə Azərbaycan auditoriyasından liderliyi facebook sosial şəbəkəsi edir. Youtube, google, tvitter və instagramın da imkanlarından geniş olmasa da istifadə olunur".

 

V. Mahirqızı bildirib ki, aparılan müşahidələr göstərir ki, sosial şəbəkələrdə şirkətlərin apardığı epizodik reklam kampaniyaları hələlik ciddi və ardıcıl piar strategiyasına söykənmir: "Bir-iki şirkətin sosial şəbəkələrlə bağlı ciddi piar strategiyası işlədiyini müşahidə etmək olur. Digərlərində isə bu sadəcə olaraq reklamlar vermək və ya məhsulunun nümayişi ilə bitir. Ciddi piar strategiyası olmayanda şirkətlərin qara piardan da qorunma yolları olmur və buna görə də bəzi hallarda reklam və brendin nüfuzunun artırılması üçün başladılan kampaniya əks effekt verir, hətta qara piara çevrilə bilir. Məhz bu amillərə görə, sosial şəbəkədə, ümumiyyətlə, internet mediada reklam və piar apararkən ciddi hazırlaşmaq, mərhələli plana malik olmaq və şəffaflığı maksimum təmin etmək lazımdı. Çünki eyni platformada yalnız şirkət reklam olunmur, həmin platformada məhsulun istifadəçilərinin, rəqiblər də söz demək imkanı var".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223985

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR