“Xaricdə təhsil ümidlərimi tamamilə doğruldur” - “Uğur formulu”

“Xaricdə təhsil ümidlərimi tamamilə doğruldur” -  “Uğur formulu”
16:39 4 Dekabr 2015
28 Sosial
Ölkə mətbuatı
A- A+

Təhsil Nazirliyi və Lent.az İnformasiya Agentliyinin birgə həyata keçirdiyi “Uğur formulu” layihəsi davam edir.  

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin qonağı Böyük Britaniyanın Heriot-Vat Universitetinin tələbəsi Rəşad Mütəllimovdur. O, Böyük Britaniyanın Heriot-Vat Universitetində neft mühəndisliyi ixtisası üzrə magistratura səviyyəsində təhsilini davam etdirir. 

Lent.az R.Müttəlimovla söhbəti təqdim edir:

 

- Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?

 

- Xaricdə təhsilin saymaqla bitməyəcək qədər faydaları var. Mən sadəcə onlardan bir neçə önəmlisini vurğulayacağam. Mənim üçün ilk və ən əsaslarından biri təhsil müddəti ərzində əldə etdiyim akademik biliklərdir. Yəni ixtisas və digər fənlər üzrə keyfiyyətli nəzəri, eyni zamanda tətbiqi bilik və bacarıqların əldə olunmasını nəzərdə tuturam.

Təhsil aldığım universitet sənayedə baş verən yeniliklərin təhsil prosesinə dərhal tətbiqinə açıqdır. Bununla bərabər xaricdə təhsilin sosial və mədəni faydaları da var ki, mənə fərqli cəmiyyət və mədəniyyətlərə tez və asan şəkildə adaptasiya olunmağa imkan yaradır.

Əldə etdiyim akademik faydalara və dünyagörüşümlə bağlı dəyişikliyə əsasən, onu deyə bilərəm ki, xaricdə təhsil ümidlərimi tamamilə doğruldur.

 

- İxtisasınızla bağlı ilk mərhələdə hansı kitabları seçmisiniz?

 

- İxtisasımla bağlı gərəkli olan bütün kitabları oxumağa çalışıram. Amma ilk növbədə, daha vacib olanlarını seçirəm. Bunlardan, “Ümumi geologiya və geomorfologiyanın əsasları” (Orxan Seyidzadə, 2010), “Earth: An Introduction to Physical Geology” (Edward J. Tarbuck, Frederick K. Lutgens, Dennis G. Tasa, 2010), “Earth Structure: An Introduction to Structural Geology and Tectonics” (Ben A. van der Pluijm and Stephen Marshak, 2003), “Petroleum Geology of the South Caspian Basin” (Leonid A. Buryakovsky, George V. Chilingar and Fred Aminzadeh, 2001) və digər kitabların adlarını çəkə bilərəm.

 

- Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız?

 

- Azərbaycan Texniki Universitetində bir müddət oxuduğum üçün ölkəmizdəki ali təhsildən müəyyən qədər məlumatlıyam. Bu məlumatlara əsaslanaraq deyə bilərəm ki, əvvəl oxuduğum ali məktəbdə dəyişdirilməsini arzuladığım kifayət qədər məsələlər var.

Onlardan ən əsası, universitet daxilində təhsilin idarə edilməsi sistemidir. Bu, bilavasitə təhsilin keyfiyyətinin yüksəlməsinə və tələbələrin biliklər əldə etmək üçün həvəslənməsinə gətirib çıxarır. Bura, eyni zamanda təhsildə səmərəliliyi təmin edən informasiya sistemlərinin təhsilə tam tətbiqi məsələsi də daxildir.

Müvafiq istiqamətli ali məktəblərimizdə dəyişməsini arzuladığım digər məsələ isə müasir sənaye yönümlü praktik və tətbiqi dərslərin artırılmasıdır. Bunlara nail ola bilsək, ali məktəblərimizdə tədrisin səviyyəsi ciddi şəkildə yüksələr.

 

-Təhsil aldığınız ölkəyə Azərbaycanla bağlı hansı materialları aparmısınız?

 

- Təhsil Nazirliyinin təmin etdiyi materiallardan, Azərbaycan Ənənəvi Əl Sənətləri kitabı, YUNESKO-nun siyahısında olan Azərbaycan Mədəniyyətinin Şedevr Mirasları kitabı, Azərbaycanın Etnik Turizmi kitabı, Azərbaycanın Böyük İpək Yolunda olan əhəmiyyəti və tarixini əks etdirən kitab və Bakı şəhərinin böyük piyada xəritəsinə əlavə olaraq Azərbaycanımızın tanıdılması məqsədilə dövlət rəmzlərimizdən bir neçə bayraq və parça üzərində həkk olunmuş gerbimizi, musiqi alətlərimizi, milli geyimlərimizi, tarixi abidələrimizi, yeni binalarımızı və digər materialları özümlə gətirmişəm.

 

- Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz?

 

- Qeyd etdiyim kimi, mən müəyyən müddət Azərbaycanda fərqli ixtisas üzrə təhsil almışam. Amma oxuduğum ixtisası sevmədiyim üçün uğursuzluqlarla qarşılaşırdım. Bunu anladıqdan sonra konüllü olaraq universitetdən çıxaraq arzularımın dalınca getməyi qərara aldım. Bu da mənim həyatımı kökündən dəyişdi. Ona görə də Azərbaycan gənclərinə ilk olaraq demək istərdim ki, sevdikləri ixtisasın dalınca getsinlər. Yalnız bu halda onlar öz sahələrində tanınar, ixtisasları üzrə peşəkarlığa yiyələnər və daha böyük uğurlar qazanarlar.

 

-Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?

 

- Onu deyə bilərəm ki, oxuduğum universitet tələbələrin ixtisaslı kadr kimi yetişməsində və müstəqil şəxsiyyət kimi formalaşmasında müəllim-tələbə münasibətlərinin rolunun önəmli olduğunu dəyərləndirərək, bu mövzuya çox həssas yanaşır. Universitetimizin müəllimləri öz təvazökarlıqları, tədris ili müddətində hər bir tələbənin fikirlərinə hörmətlə yanaşmaları və bu münasibətləri hər zaman eyni səviyyədə saxlama bacarıqları ilə tələbələrin bir şəxsiyyət kimi inkişafına hərtərəfli kömək edirlər. Onu da vurğulayım ki, ali məktəbimizdə çalışan müəllimlər vəzifəsindən, elmi dərəcəsindən asılı olmayaraq, tələbələrlə dostluq münasibətlərinə üstünlük verir, davranışlarında tam səmimiyyətlə ideal müəllim səviyyəsini qoruyurlar.

 

-Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?

 

- Əlbəttə ki, razıyam. Universitetimizdə elə səmimi, mədəniyyətli mühit var ki, hətta uzaq şərqdən gələn tələbələr belə, bu mühitə çox rahatlıqla uyğunlaşırlar. Belə mühiti Böyük Britaniyanın bütün təhsil ocaqlarına şamil edə bilərik.

Gördüklərimə əsasən, deyə bilərəm ki, tələbələrarası və müəllim-tələbə münasibətlərinin müvafiq normalar çərçivəsində saxlanılması üçün Böyük Britaniya universitetlərində əllərindən gələn hər şeyi edirlər. Bu da xüsusən əcnəbi tələbələr üçün çox təqdirəlayiq haldır.

 

- Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz?

 

- Xaricdən Azərbaycan təhsili potensialı olan, amma dəyişikliklərə ehtiyac duyulan bir təhsil sistemi kimi görünür. Yəni, həm təhsil sistemində, həm də təhsil ocaqlarının akademik heyətlərində gəncləşmənin və yüksək ixtisaslı kadrların ali təhsilə cəlb edilməsinin zəruri olduğu qənaətindəyəm. Eyni zamanda, ali təhsil ocaqlarının özəl və dövlət şirkətlərilə əməkdaşlığında əskikliklərin olduğunu vurğulamaq istərdim.

 

-Çətinlikləriniz varmı?

 

- İnanmıram ki, mühit dəyişdiyi halda, çətinlik yaşamayan insan olsun. Sadəcə, insanlar ancaq çətinliklərin öhdəsindən gələ bilmək bacarığı və müddəti ilə fərqlənirlər.

Əlbəttə ki, hər bir insan kimi mən də ilk dövrlərdə müəyyən çətinliklərlə qarşılaşdım. Bunlardan, Azərbaycanla Böyük Britaniyanın 4 saatlıq vaxt fərqinin mövcudluğunu, ingilislərin, xüsusilə skotlandların özlərinə məxsus, çətin başa düşülən ləhcədə danışmasını, daha şimalda yerləşdiyinə görə, havanın burada Azərbaycana nisbətən soyuq olmasını qeyd edə bilərəm. Bir az təəccüblü görünsə də, avtomobillərin sükanının sağda olması və yol qaydalarının buna görə tənzimlənməsi də çətin alışdığım məsələlərdəndir. Tarixi ənənəyə uyğun olaraq, burada soyuq və isti su xətlərinin ayrı olması da əcnəbilər üçün maraqlı və ziddiyətli görünür.

 

- Asudə vaxtınızda nə ilə məşğul olursunuz?

 

- Çalışıram asudə vaxtlarımı əsasən qeyri-akademik məşğuliyyətlərə həsr edim. Buna yeni qazandığım dostlarımla vaxt keçirmək kimi sosial fəallıq və bəzi idman növləri ilə məşğul olmaq–futbol oynamaq, fitneslə məşğul olmaq da daxildir. Yeni qazandığım dostlarla çox zaman şəhəri gəzməyə çıxırıq ki, bu da mənə şəhərin maraqlı yerlərini tanımağa və bura alışmağa imkan verir. Bundan başqa, dostlarımla kinoteatrda film izləyir və müxtəlif mövzular ətrafında maraqlı müzakirələr aparırıq.

 





Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223982

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR