Nardaranda qızğın iş başladı

Nardaranda qızğın iş başladı
16:41 4 Dekabr 2015
108 Digər
Ölkə mətbuatı
A- A+

"Nardaranda həyat əvvəlki vəziyyətinə qayıtmağa başlayıb. Bu gün səhər "Azərişıq", "Azəriqaz" İstehsalat Birliyinin, həmçinin də "Azərsu" ASC-nin əməkdaşları kəndə gəliblər. Hazırda hər üç qurum tərəfindən kənddə abadlıq işləri aparılır".

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov ANS PRESS-ə deyib. Onun sözlərinə görə, qurumlar daha çox kənddə olan sayğacların yenilənməsini həyata keçirirlər:

"Kənd sakinlərinin evlərində istər qaz, istər də elektrik sayğaclarından yanan, xarab olan, nasaz vəziyyətdə olanlar var idi. Hazırda müvafiq qurumların əməkdaşları kənddə həmin sayğacların dəyişdirilməsi ilə məşğuldur. Kəndin bəzi yerlərinə müşahidə kameraları da quraşdırılır. Bir sözlə kənddə qızğın iş gedir".

Natiq Kərimov bütün bu işlərlə yanaşı kənddə hələ də elektrik enerjisinin bərpa edilmədiyini bildirib. Ancaq polis postları və bu postlarda insanların yoxlanılması halları hələ də davam edir.


Natiq Kərimov - Nardaran Ağsaqqallar Şurasının sədri


Nardaranda noyabr ayının 26-da atışma olub. Hadisə zamanı 2 polis əməkdaşı və 4 yerli sakin dünyasını dəyişib. Dekabr ayının 1-i səhər saatlarında da Nardaranda yenidən xüsusi əməliyyat başlayıb. Əməliyyatla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir:

Dekabr ayının 1-də saat 08.00-da qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olmuş, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

Nardaran qəsəbəsinin sakinlərindən, onların əmin-amanlığının təmin olunması naminə keçirilən xüsusi əməliyyat zamanı hüquq qaydasına ciddi riayət etmələri, ictimai asayiş, hakimiyyət nümayəndələrinin həyat və sağlamlığı üçün təhlükə törədən və şərait yaradan hərəkətlərə yol verməmələri, göstərişlərinə əməl etmələri tələb olunur.

Eyni zamanda bildirilir ki, xüsusi əməliyyatı həyata keçirən qüvvələrə müqavimət göstərən, silahlı və ya silah qismində əşyalarla hücüm edən, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verən şəxslər haqqında qanun çərçivəsində dərhal ən ciddi tədbirlər görüləcək.

Xüsusi əməliyyat Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir və onun gedişi mütəmadi məruzə olunur.









Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366439

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR